26 İyul 2026
Ölkə futbolu

Premyer Liqanın hazırlıqsız komandası – hakimlər!

Premyer Liqada geridə qalan 8 turdan sonra əsas müzakirə mövzülarından biri də hakimlərin performansıdır. Ədalət təmsilçiləri xüsusən də son görüşlərdə etdikləri xətalarla birbaşa matçların nəticələrinə təsir edir. Elə mövsümün əvvəlindən mübahisəli performans ortaya qoyan referilərin üst-üstə ciddi səhvləri artıq fikir bulandırır.

“Zirə” – “Suqmayıt” oyununda baş hakim Kamranbəy Rəhimovun ev sahibi komandanın üzvü Pyer Zebliyə verdiyi qırmızı vərəqənin hələ də səbəbi bəlli deyil. Elçin Məsiyevin “Qəbələ” – “Qarabağ” oyununda həvəskar səviyyəli səhvi də unudulmayıb. İki matçda da zərərçəkənlərin qalib gəlməsi hakimlərin bəxtlərinin gətirməsindən başqa bir şey deyil. Siyahını çox uzatmaq, daha başqa görüşlər də əlavə etmək olar. Amma uzağa getmədən son turda “Səbail” – “Sabah” oyununda baş verənlərə mütləq toxunmaq lazımdır.

“Dənizçilər”in görüşün ikinci hissəsində sayılmayan bir qolu var ki, səbəbi yenə hamıya qaranlıq olaraq qalıb. Hətta təqdim edilən görüntü də belə epizodda oyundan kənar vəziyyətin olmadığı görülür. Ancaq epizod VAR-da dəqiqələrlə izləndikdən sonra qol ləğv edilir. Bəziləri qərara kompyuter vasitəsi ilə müasir texnologiyanın dəqiqliyi kimi yanaşa bilər. Ancaq durum qətiyyən belə deyil.

İstənilən epizodda xəttin çəkilməsi və ofsayd texnologiyasının işə düşməsi zamanını VAR-dakı hakimlər təyin edir. Referilər top ayaqdan çıxdıqdan bir saniyə sonra belə düyməni sıxsa, gecikmiş olur və artıq irəlidəki futbolçu oyundan kənar kimi görünür. Burada əsas məsələ xəttin nə zaman çəkildiyidir. Texnologiya nə qədər müasir olsa da, insan niyyəti ona belə təsir edir. Əgər siz santimetrilik olsa belə təmiz qolu ofsayd etmək istəyirsinizsə, düyməni bir saniyə gec sıxmaqla bunu bacara bilirsiniz. Bu cür hallar olduqda isə ağıllara hakimlərin səhv etdiyi yox, tammən başqa ssenarilər gəlir. Ki, bunu da yaradan elə referilərin özləridir. Bu adamlar ya həddindən artıq bacarıqsızdır, ya da bir çoxumuzun düşündüyü kimi qərəzlidir, ya da çempionata “əl gəzdirən” var. 

Maraqlıdır ki, bənzər epizod İngiltərə Premyer Liqasın 7-ci turu çərçivəsində keçirilən “Tottenhem” – “Liverpul” görüşündə də yaşandı. Qonaqların tər-təmiz qolu VAR-a rəğmən ofsayd qərarı ilə ləğv edildi. Kifayət qədər müzakirəyə səbəb olan epizodun ardından yerli Hakimlər Komitəsi açıqlama yayaraq referilərin səhv etdiyini etiraf etdi. Görəsən, bizim komitə sədri Barış Şimşək nə düşünür? Hakimlərinin hər oyun belə kobud səhvlər etməsini necə şərh edir?

Bu gün Premyer Liqada əsas problemlərdən birinin də hakimlik olduğu aşkar görülür. Bu qədər seminarlar, söz-sözbətlər hələlik bir fayda vermir. Qarşıdakı oyunlarda nələr olacağı da indidən qorxudur. Çünki artıq qərarlar barədə səmimiyyət itib, şübhələr işə düşməyə başlayıb.

İdmanxeber.az

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43