19 Sentyabr 2024
Ölkə futbolu

“Beş qol vurmaqla ulduz olunmur” – Vüsal İsgəndərli

Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Vüsal İsgəndərlinin uğurlu çıxışı davam edir. 28 yaşlı futbolçu son turda “Vlazznia”ya qarşı görüşdə də fərqlənməyi bacardı. Komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda sonuncu qolu vuran Vüsal Albaniyadakı beşinci qoluna imza atdı. 

İsgəndərli ilə ümumi çıxışı və “Eqnatiya”nın cari mövsüm hədəflərindən söz açdıq. O, İdmanxeber.az saytına verdiyi müsahibədə qarşıdakı dönəmdə milliyə də dəvət almaq istədiyini bildirdi:

– Albaniyada beşinci qolunu vurdun. Səni komandanın ulduzu adlandırmaq olar?

Gəldiyim gündən bura çox yaxşı adaptasiya oldum. Çünki israrla ölkə xaricində oynamaq istəyirdim. Daha öncə də Azərbaycandan kənarda çıxış etmişdim. Amma bu dəfə çox qalmaq və özümü yaxşı tərəfdən göstərmək istədim. Hələ də daha yaxşısını edə biləcəyimi düşünürəm. Mövsüm davam edir, hələ heç nə bitməyin. 5 qol vurmaqla ulduz olunmur. Çalışıb ölkəmizi daha yaxşı təmsil edəcəm.

– “Eqnatiya”da Azərbaycandan daha məhsuldar mövsüm keçirirsən. Sanki orada çıxış etmək sənin üçün daha asandır…

Əslində “Sumqayıt”da da məhsuldar idim. Sadəcə sonuncu dönəmdə çempionata yaxşı başlamadıq. 10 tur qol vura bilməmişdik. Sonra qol vurmağa, assistlər etməyə başladım. Albaniyada isə durum başqadır. Həm heyət güclüdür, həm də komanda çempionluğa oynayır. Amma deyim ki, “Sumqayıt”ın məndə yeri çox özəldir. Çünki Türkiyədən qayıdanda mənə qapı açdılar. Orada da yaxşı oyunçular var. Onlara bir daha uğurlar arzulayıram.

Albaniyada futbol Azərbaycanla müqayisədə çox fərqlənir?

Öz ölkəmi başqa dövlətlə müqayisə etmək istəmirəm. Amma bir fərqi deyim ki, burada marketinq daha yaxşıdır. Bir çox ölkədən menecerlər oyunları izləməyə gəlir. 

Canni De Byazinin gedişindən sonra yəqin ki, millidən dəvət gözləyirsən. Səncə, yeni gələcək baş məşqçi yerli olsun, yoxsa əcnəbi?

Açığı, yerli və ya əcnəbi barədə danışmaq istəmirəm. Bunlar mənim məsələm deyil. Nə qərar verəcəklərini zamanla görəcəyik. O ki qaldı milliyə, mən De Byazinin zamanında da dəvət gözləyirdim, indi də. Bunun üçün də hər şeyi edirəm. Oyunlara yaxşı hazırlanıram, daha uğurlu çıxış etmək istəyirəm. Milli komanda formasını geyinəcəyimə inanıram. 

Hazırda turnir cədvəlində lidersiniz. Bunu sona qədər davam etdirə biləcəksiniz?

Hədəfimiz belədir, çempionluq istəyirik. Dövrənin bitməsinə 4 tur qalıb. Ən əsası isə dekabrın 20-də Super Kubok oyunumuz var. “Partizani” klubu ilə üz-üzə gələcəyik. Həmin görüşü səbrsizliklə gözləyirəm. Albaniyada ilk kubokumu qazanmaq istəyirəm.

Həsən Quluzadə

 

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43