“Son turlarda ağır oyunlar keçiririk. “Zirə”yə qarşı oyunumuz da çətin oldu. Bu komanda əbəs yerə liderlər qrupunda məskunlaşmayıb. Düzdür, onların üst pillədə yer alması oyundan öncə bizdə hansısa narahatlıq yaratmamışdı. Çünki rəqibin kimliyindən asılı olmayaraq, meydana verilən tapşırıqları yerinə yetirmək üçün çıxırıq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
“Bizim tapşırığımız da, rəqibin kimliyindən asılı olmayaraq 3 xal qazanmaqdır. Komandamız liqanın yeni üzvü olsa da, çıxışımızı bu şəkildə davam etdirsək, həm rəqiblərimizə hər zaman başağrısı olacağıq, həm də xal ehtiyatımızı artıracağıq” – deyə o bildirib.
O, “Sabah”la keçiriləcək oyun haqda isə bunları söyləyib: “Rəqibimiz son turlarda uğurlu nəticələr qazanır. Ümumiyyətlə, mövsümün əvvəlindən bu komanda medallara iddialı hesab olunur. Premyer Liqanın güclü klublarından biridir. Biz də bu görüşə yaxşı hazırlaşırıq. Hava yağışlı keçsə də, çalışırıq ki, məşqlərimizi axsatmayaq. Gərgin və maraqlı oyun olacaq. Yaxşı nəticə qazanmaq üçün mübarizəmizi davam etdirəcəyik. Həm də qış fasiləsi ərəfəsindəyik. İstəyirik ki, mövsümün “ekvator xətti”nə üst pillələrdən birində yollanaq”.