27 Dekabr 2024
Ölkə futbolu

“Ölkədə Premyer Liqada çıxış edəcək səviyyədə yerli hücumçu yoxdur”

Azərbaycan Premyer Liqasında ilk dövrəyə yekun vurulub. Geridə qalan 18 oyundan sonra çempionatın bombardirlik siyahısına 13 qolla “Qarabağ”ın hücumçusu Olavio Juninyo başçılıq edir. Braziliyalının ardından Ramalinqom (Səbail-7 qol), Yassin Benzia (Qarabağ -6 qol), Hamidu Keyta (Qarabağ- 6 qol), Lenadro Andrade (Qarabağ – 6 qol) və Otto Con (Turan Tovuz – 6 qol) gəlir.

Maraqlıdır ki, siyahıda yerli futbolçulardan heç kim yoxdur. Çempionatda çıxış edən Amil Yunanov, Ülvi İsgəndərov, Orxan Əliyev, Kamran Quliyev kimi futbolçular legioner forvardlarda mübarizəyə girməyə çətinlik çəkir. Ümumiyyətlə, adıçəkilən oyunçular əsas heyətə belə düşə bilmir. Yerli hücumçuların bu qədər aşağı səviyyəli performans sərgiləməsinin səbəbini öyrənmək üçün Azərbaycan millisinin sabiq forvardı Rauf Əliyevə müraciət etdik. O, İdmanxeber.az saytına durumu belə şərh etdi:

“Heç yerli hücumçulardan oynayan yoxdur. Bütün klublarda əcnəbi futbolçular meydana çıxır. Bir-iki il əvvəl “Qarabağ”da Ramil Şeydayev, Musa Qurbanlı, Mahir Emreli var idi. Onlar nisbətən bombardirlik uğrunda yarışa bilirdilər. İndikilər heç ilk “11-liy”ə düşə bilmir. Premyer Liqada çıxış edən hücumçulardan Amil Yunanov ancaq ehtiyatdan meydana daxil olur. Orxan isə bir matç oynayır, bir matç oynamır. Bu səbəbdən də bombardirlər siyahısında azərbaycanlı futbolçunun adı yoxdur. 

Ümumiyyətlə, hücumçu mövqeyi digərlərindən fərqlidir. Futbolçular elə cavan yaxşlarından digər mövqelərə yönəlir. Oynamaq şanslarının daha çox olması üçün. Bu gün klublarda ancaq legioner hücumçulara şans verilir. Onsuzda ölkədə yerli futbolçu qıtlığı var. Hamı azərbaycanlı futbolçu axtarır oynatmağa. Hücumçu isə ümumiyyətlə, tapılmır. Yaxşısı olsa belə bir klubda forma geyinəcək. Belə baxanda ölkədə Premyer Liqada çıxış edəcək səviyyədə yerli hücumçu yoxdur”.

Həsən Quluzadə

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43