03 İyul 2026
Ölkə futbolu

Təşviş mexanizmi

Geridə qalan 2025/26 mövsümü Azərbaycan futbolunda son dövrlərin ən maraqlı və ən çox müzakirə olunan illərindən oldu. Ən vacib məsələ elitada komanda sayının artırılması idi. Uzun illər 8 iştirakçı ilə keçirilən, sonradan sayı 10-a artırılan Premyer Liqada keçən mövsümdən 12 klub iştirak etməyə başladı. Bu dəyişiklik çempionata yeni nəfəs gətirdi. Düzdür, ilk mövsümdə xüsusilə yeni komandaların infrastrukturu ilə bağlı bəzi problemlər ortaya çıxdı, lakin bu, onsuz da gözlənilən idi və prosesin təbii tərkib hissəsi hesab edilməlidir. Yeni format ilk mövsümdən öz müsbət tərəflərini göstərdi. Azarkeşlər daha çox oyun, daha ciddi rəqabət, aşağı sıralarda daha gərgin mübarizə və avrokuboklara vəsiqə uğrunda daha maraqlı yarış izlədilər. Mövsümün ən böyük idman hadisəsi isə heç şübhəsiz Sabahın Qarabağın uzun illər davam edən hegemonluğuna son qoyması oldu.

Meydanda baş verənlərə birbaşa təsir edən digər mühüm qərar legioner limitinin tamamilə ləğv edilməsidir. Nəticələri bir mövsüm üzrə dəqiq qiymətləndirmək mümkün deyil. Onun yerli futbolçulara və ümumiyyətlə klublara, çempionatın səviyyəsinə konkret təsirləri barədə yalnız bir neçə ildən sonra tam təhlil aparmaq mümkün olacaq. İlk baxışdan rəqabətin artmasında bu məqamın rolu az görünmür.

Keçən mövsümün ən diqqətçəkən yeniliklərindən biri, şübhəsiz, legioner rüsumları hesabına yaradılan təşviq mexanizmi oldu. AFFA İcraiyyə Komitəsinin ötən ilin fevralında qəbul etdiyi qərarla müəyyənləşdirilən sistemə əsasən, legioner futbolçular üçün ödənilən rüsumlardan formalaşan fondun bir hissəsi yerli futbolçuların Premyer Liqada meydana çıxdığı dəqiqələrə uyğun olaraq yenidən klublar arasında bölüşdürüldü. Detallara keçməmişdən əvvəl qeyd etməliyəm ki, bu, ölkə futbolunda uzun illər ərzində tətbiq olunan ən maraqlı iqtisadi stimullaşdırma mexanizmlərindən biridir. Çünki burada əvəzsiz ödəniş və ya sadəcə maliyyə dəstəyindən söhbət getmir. Klublar seçdikləri yolauyğun olaraq, əlavə pul əldə edə bilirlər.

Federasiyanın bu qərarı ictimaiyyət tərəfindən əsasən müsbət qarşılandı. Futbolumuzun əsas problemlərindən biri o idi ki, qəbul olunan qərarların əksəriyyəti qadağa və məhdudiyyətlərə əsaslanırdı. Yeni mexanizm stimullaşdırmaq üzərində qurulub. Klub yerli futbolçuya daha çox güvənirsə, bunun qarşılığında əlavə maliyyə əldə edir.

Nəyi pisdir ki?

Səbirli oxucular təşviq mexanizmində görünən boşluqlarla bağlı fikirlərlə də tanış ola biləcəklər. Burada həqiqətən pis görünən bir mənzərəyə toxunacağam. Təşviq mexanizminin ilk təqdimatında yüngül desək, xoş təsir bağışlamayan məqam oldu. Eyni qərar və eyni maliyyə bölgüsü barədə AFFA və Peşəkar Futbol Liqası bir günün içində, qısa fasilə ilə ayrı-ayrı məlumatlar yaydılar. Həm təqdimat forması, həm prosesin ümumi izahı baxımından fərqlər var idi. Hər iki tərəfdən “xal qazanmaq” cəhdi aşkar görünürdü. Halbuki AFFA və PFL əslində eyni gəmidədirlər. Söhbət isə eyni layihədən gedir. Bunun vahid kommunikasiya ilə təqdim olunması peşəkar görünərəlavə söz-söhbətlərə yol açmazdı. İki qurum arasında münasibətlərlə bağ az qala r gün bir şayiənin çıxdığı vaxtda bu cür texniki görünən detal müəyyən suallar yaradır. Futbol idarəçiliyi müsbət layihəni paylaşmağı bacarmırsa, problemləri necə bölüşəcək? Sual tamamilə ritorikdir.

Əsas mövzuya qayıtsam, təşviq mexanizmi ideya olaraq kifayət qədər maraqlıdır. Dünya futbolunda gənc futbolçuların inkişafını stimullaşdıran müxtəlif maliyyə mexanizmləri mövcuddur. Azərbaycan modeli isə yerli şəraitə uyğunlaşdırılmış fərqli yanaşmadır. Burada sadə məntiq var. Legioner gətirmək istəyirsənsə, bunun müəyyən maliyyə dəyəri olmalıdır (Yeri gəlmişkən, keçən mövsümdən əcnəbi futbolçulara görə rüsumlar da xeyli artırılıb – red.). Rüsumlardan toplanan vəsait isə yerli futbolçulara üstünlük verən komandaları stimullaşdırmaq üçün istifadə edilir.

Kağız üzərində cəlbedici olan modelin praktikada müəyyən suallar yaratdığını istisna edə bilmərik. Burada paradoksal mənzərə ortaya çıxır. Faktiki olaraq, sistem daxilində gələcəkdə daha çox hiss oluna biləcək qapalı dövrə yaranır. Necə? Açıqlayaq.

Burada legioner transferlərini maliyyələşdirən mənbə yenə legionerlərin özündən alınan rüsumlardır. Digər tərəfdən, həmin pul bonus şəklində əl dəyişərək klublara qaytarılır. Bəs bu bonus hara xərclənəcək? Problem məhz burada üzə çıxır.

Hazırkı qaydalara görə alınan maliyyənin xərclənməsinə hər hansı məhdudiyyət yoxdur. Varsa da, açıqlanmayıb. Ortaya çıxan mənzərəni sadə formada belə təsvir etmək olar. Maliyyə dayaqları yaxşı olan hər hansı klub çoxlu legioner transfer edir, nəticədə yüksək məbləğdə rüsum ödəyir. Həmin vəsaitin böyük hissəsi fonda daxil olur. Başqa bir klub isə əsasən pulunun azlığından yerli oyunçulara yönəlməli olur, mövsümün sonunda isə buna görə böyük bonus qazanır. Növbəti çempionat üçün həmin klub aldığı bonusu legioner transferlərinə xərcləyə bilər. Geniş perspektivdə güclənmək üçün legioner gətirən klub rəqiblərini də gücləndirmiş olur.

Bir mövsüm yerli futbolçular daha çox oynadı. Çox yaxşı. Amma növbəti mövsüm həmin bonus hesabına gətirilən legionerlərin kölgəsində qalacaqlarsa... Cümləni özünüz tamamlayın. Ya da salahiyyətli şəxslər...

Əcnəbilərlə dolu liqada yenidən hansısa komanda bir neçə yerli ilə üstünlük qazana bilər. Burada isə başqa bir problem ortaya çıxır. Yerli oyunçuların oynadılmasına görə minimal hədd müəyyənləşdirilməyib. Faktiki olaraq gələn mövsüm hansısa klub cəmi 90 dəqiqə yerli futbolçu oynatdığına görə də böyük maliyyə əldə edə bilər. Bunun qarşısını almaq üçün aşağı hədd müəyyənləşdirilməlidir.

Prosesin ümumi quruluşu antik fəlsəfədə məşhur olan özünəistinad paradoksunu xatırladır. Bütün yunanlar yalançıdır deyən Epimenidin özünün də yunan olması kimi, burada da legionerə görə toplanan pul yenidən legioner transferlərinin maliyyələşdirilməsinə xidmət edə bilir.

Razıyam ki, Premyer Liqa klublarının maliyyə imkanları arasında kifayət qədər ciddi fərqlər mövcuddur. Təşviq mexanizmi müəyyən mənada bu fərqi azalda bilər. Aşağı büdcəli klub əlavə vəsait hesabına daha keyfiyyətli heyət formalaşdıra, yaxşı legioner gətirə, nəticədə çempionatın ümumi rəqabət səviyyəsini yüksəldə bilər.

Bu isə mexanizmi öz məramından uzaqlaşdırır. Aydınlaşmır ki, mexanizm ölkə futbolunun gələcəyinə investisiyadır, yoxsa cari xərclərin qarşılanmasına yönəlib.

Məqsəd həqiqətən yerli futbolçunun inkişafıdırsa, bonusun ən azı müəyyən hissəsinin xərclənməsi istiqamətləri əvvəlcədən müəyyən edilsə, daha yaxşı olar. Tutaq ki, akademiyaların inkişafı, məşq meydançalarının tikintisi və ya yenilənməsi, aşağı yaş qruplarında çalışan məşqçilərinin xaricdə təhsil proqramlarına göndərilməsi, uşaq komandalarının beynəlxalq turnirlərdə iştirakının maliyyələşdirilməsi və s. kimi istiqamətlərə yönəldilməs ilə bonusun sadəcə növbəti transfer büdcəsinin bir hissəsinə çevrilməsinin qarşısı alınar və həmin pul daha uzunmüddətli investisiyaya çevrilər. Çünki futbolumuzda bir nömrəli problem legioner sayı yox, keyfiyyətli yerli futbolçunun yetişməməsidir. Bu isə akademiyadan başlayır.

Yaxud, təkcə bir mövsüm ərzində müşahidə etdiyimiz infrastruktur problemləri çempionatda necə pis mənzərə yaradırdı. Az qala hər tur fərqli stadionda oynayan bu qədər klub varkən, ələ düşən vəsaitin məhz bu istiqamətdə xərclənməsi daha məqsədəuyğun olardı.

Burada başqa bir maraqlı məqam da var. Son illərdə yeni sponsorların gəlişi, dövlət tərəfindən ayrılan dəstəklə birlikdə ölkə futbolunda maliyyə vəziyyəti xeyli yaxşılaşıb. Lakin yenə də ən vacib məsələ – həmin pulun necə xərclənməsi problem olaraq qalır. Onsuz da dövlət tərəfindən Premyer Liqa klublarının hər birinə ciddi maliyyə dəstəyi ayrılır. Bu vəsaitlərin hansı hissəsinin akademiyalara, hansı hissəsinin infrastruktura, hansı hissəsinin əsas komandaya yönəldilməsi barədə ictimaiyyət kifayət qədər şəffaf hesabat görmür. İndi buna təşviq mexanizmi də əlavə olunur.

Növbəti mərhələdə bonusun nəticələrinin qiymətləndirilməsi vacibdir. Daha çox maliyyə alan klublar növbəti mövsüm neçə yerli futbolçunu əsas komandaya qazandırdılar? Onların akademiyalarında neçə məşq meydançası yenilədi? Neçə məşqçi beynəlxalq kurs keçdi? Belə göstəricilərin təhlili mexanizmin effektivliyini ölçmək üçün yaxşı istinad nöqtəsi olar. AFFA və PFL “yorğan davası”nı kənara qoyub atılan addımın real nəticələri üzərində düşünməlidirlər.

Ümumilikdə, iqtisadi stimullaşdırmaya əsaslanan sistemin tətbiqi düzgün istiqamətdə atılmış addımdır. Qarşıda onun üzərində işləmək, boşluqları aradan qaldırmaq missiyası dayanır. Təşvişə düşmək lazım deyil. Ki, təşvişə düşərək təşviq mexanizmini icra etmək qeyri-mümkün görünə bilər. Çıxış yolu tapmaq, ən azından mövcud problemlərdən hər hansı birinin həlli istiqamətində ciddi addım atmaq lazımdı. Ən yaxşı ideyalar da ilk gündən mükəmməl olmur. Onlar zamanla çatışmazlıqların aradan qaldırılması ilə daha çox dəyər qazanırlar. İndi əsas məsələ düzgün istiqamətdə atılan addımın həqiqətən yerli futbolun inkişafına aparan yola çevrilməsidir. Təşviq mexanizminin bir mövsüm ərzində klublar arasında bölüşdürülmüş adi maliyyə paketi olmaması, uğurlu islahat forması alması üçün bu, olduqca vacibdir.

Tunar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43