“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
İdmanxeber.az-a verilən məlumata görə, Ağdam klubu “Ferentsvaroş”un cinah oyunçusu Cəbrail Makretskisin transferi üçün razılığa yaxındır. 26 yaşlı futbolçu ilə Türkiyənin “Samsunspor” klubu da maraqlansa da, o, karyerasını Azərbaycanda davam etdirməyə üstünlük verib.
Makretskis 2023-cü ilin yayından Macarıstan klubunun formasını geyinir. O, bu müddətdə iki çempionluq və bir ölkə kuboku qazanıb, həmçinin UEFA Avropa Liqası və Konfrans Liqasında çıxış edib.
Hazırda tərəflər arasında danışıqların yekun mərhələdə olduğu vurğulanır.
Sağ cinah müdafiəçisi ötən mövsüm Macarıstan klubunun heyətində bütün turnirlərdə 38 oyun keçirib. O, bu matçlarda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.
Makretskis Latviya U-19 millisində 7 oyun keçirib. Onun “Ferentsvaroş”la müqaviləsi bu yay başa çatıb.

