02 İyul 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçunun karyerası təhlükədə – Prezidentə müraciət edildi – AÇIQLAMA

Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyevin Azərbaycandan çıxışına qadağa qoyulduğunu xəbər vermişdik.

Məsələ ilə bağlı futbolçunun meneceri Emrah Akçaayla əlaqə saxladıq. O, İdmanxeber.az saytına verdiyi açıqlamada durumun özləri üçün çətin olduğunu bildirdi:

“İyunun 8-də Zamiq “Eqnatiya”nın düşərgəsində yollanmalı idi. Ancaq futbolçunun ölkədən çıxışına qadağa qoyulduğunu öyrəndik. Dərhal məsələ ilə maraqlandım, hərbi məsələsinə görə futbolçu ölkədən buraxılmayıb. Hazırda çox çətin vəziyyətdə qalmışıq. AFFA-ya, İdman və Gənclər Nazirliyinə müraciət etmişik. Hətta “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da məsələdən xəbərdardır. Sağ olsun, o da maraqlandı, federasiya və nazirliklə əlaqə saxladı. Əslində AFFA da, nazirlik də əllərindən gələni edirlər.

Hər iki qurum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Müdafiə Nazirliyinə yazılar göndəriblər. Zamiqin ölkəni, bayrağımızı təmsil eydiyini bildiriblər. Bunun ardından bizə deyildi ki, futbolçu tibbi yoxlanışdan keçməlidir. Zamiq də hamısını etdi, bütün yoxlanışlardan keçib. Ancaq təəssüf ki, hələ də qadağa götürülmür. Futbolçunun hərbi xidməyə yollanacağı deyilir.

Zamiq Azərbaycanı təmsil edir, ölkənin bayrağını daşıyır. Komandası Çempionlar Liqasında çıxış edir. Ona dəstək olmaq, kömək etmək lazımdır. “Eqnatiya” da bütün rəsmi qurumlara müraciət edib. Ancaq heç bir faydası yoxdur. Axırda klub oyunçu ilə müqaviləyə xitam verəcəyini deyir. Təsəvvür edin ki, Zamiqə hazırda üç ölkədən təklif var, ancaq heç biri ilə maraqlana bilmirik. Azərbaycanlı gənc bir futbolçunun karyerası məhv olmağa doğru gedir.

Buradan bir daha AFFA-ya, nazirliyə və ən əsası Cənab Prezident İlham Əliyevə müraciət edirəm:

O, həmişə idmana böyük qayğı göstərir. Çempionlar Liqasında oynayacaq bir futbolçunun məsələsinin həll edilməsinə köməklik etməsini xahiş edirəm.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43