18 Oktyabr 2024
Ölkə futbolu

“Bəlkə də Türkiyəni seçmək riskdir, amma mən hara getmişəmsə, oynamışam”

“Albaniyadan niyə ayrıldığım barədə çox danışmışam. Amma fərqli yerlərdə demədiyim sözlər yazıldı. “Eqnatiya”da keçirdiyim dövr mənim üçün çox xeyirli oldu. Orada yaxşı oyunlar keçirdim. İlk dəfə bir azərbaycanlı olaraq Ermənistanda ölkəmi təmsil etdim. Yaxşı dostlar tanıdım. Əla kolektivimiz var idi”.

Bu sözləri İdmanxeber.az saytına Albaniyanın “Eqnatiya” klubundan ayrılıb Türkiyə I Liqa təmsilçisi “Boluspor”a transfer olunan Vüsal İsgəndərli deyib. O, daha sonra belə davam edib:

“İki klub var idi ki, mənim üçün “Eqnatiya”ya pul ödəmək niyyətində idi. Biri “Boluspor”, digəri isə Rumıniya klubu idi. Mən Türkiyə təmsilçisini seçdim. Buradan ayrılma səbəbim isə dil problemi oldu. Çox yerdə ingilis dilini bilmirdilər, mən də albanca danışa bilmirdim. Adi bir restorana gedib yemək yeyəndə belə çətinlik çəkirdim. 

Albaniyada yaxşı çıxış edəndə, qollar vuranda buranın zəif liqa olduğunu deyirdilər. Halbuki qətiyyən belə deyil. Buradan Türkiyə klubuna keçəndə isə bunun geriyə addım olduğunu fikirləşirlər. Ancaq özümə inanıram, mənə güvənənlərin etimadını boşa çıxarmayacam. “Boluspor”un da hədəfləri yüksəkdir. Pley-off sistemi ilə Super Liqa üçün mübarizə apara bilərik. Bəlkə də Türkiyəyə gəlmək risklidir, amma mən hara getmişəmsə, oynamışam. Burada da qollarıma davam edəcəm”.

İsgəndərli sosial şəbəkələrdə türkiyəli azarkeşlərin ona yazdığı neqativ rəylər barəsində belə danışıb:

“Mən belə yazılara rast gəlmədim. Ancaq istər mən Vüsala, istərsə də digər futbolçularımıza dəstək olunsa, daha yaxşı olar. Bu transferdə mənə çox adam dəstək olub. Türkiyəyə keçməyimə sevinən azərbaycanlılar da az deyil”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43