28 Dekabr 2024
Ölkə futbolu

“Sumqayıt”ın lehinə verilən şübhəli penalti kimin qərarı idi? – Əliyar Ağayevlə kiçik DİALOQ

“Qəbələ”nin “Sumqayıt”la oyunda qapısına təyin edilən penalti ətrafında müzakirələr davam edir.

 Görüşün ikinci hissəsində “qırmızı-qaralar”ın müdafiəçisi Lukas Afriko ilə “Sumqayıt”ın hücumçusu İsa Sulimani arasında baş verən ikili mübarizədən penalti qərarı çıxdı. Maraqlıdır ki, oyunun baş hakimi Kamal Umudlu epizodun üstündən bir neçə dəqiqə keçdikdən sonra qayda pozuntusu qərara aldı və “Qəbələ”nin qapısına penalti təyin etdi.

Ədalət təmsilçisinin belə bir addım atması ona VAR-dan xəbərdarlıq gəldiyi kimi başa düşüldü. Çünki referinin ilk öncə qapıdan zərbə, daha sonra isə penalti verməsinin başqa izahı ola bilməzdi. Adətən bu cür epizodlarda VAR baş hakimi epizoda baxmağa dəvət etsə də, bu səfər belə bir hal yaşanmadı.

Nə baş verdiyini anlamaq üçün Qəbələ şəhər stadionuna ezam olunmuş əməkdaşımız görüşün ardından matçın VAR hakimi Əliyar Ağayevlə həmin epizod barədə söhbət edib: 

– Orada penalti var idi?

– Baş hakim indi gələcək, özündən soruşarsınız.

– Kamal Umudlu epizoddan xeyli sonra penalti qərarı verdi. Biz elə bildik siz xəbərdarlıq etmisiniz…

Xeyr, mən verməmişəm. Kamal Umudlu özü təyin edib. 

– Biz epizodu tam görə bilmədik. Epizodun təkrarı TV-də cəmi bir rakursdan verildi. Siz yəqin ki, daha aydın görmüsünüz..

Xeyr, görməmişik. Bizdə də eyni vəziyyət idi. Cəmi bir rakursdan izləyə bildik.

Maraqlıdır ki, yüzminlərlə vəsait ayrılıb ölkə futbolunun inkişafı üçün VAR sistemi gətirilir. Amma sistemə nəzarət edən hakim qrupuna cəmi bir rakursdan görüntü təqdim edilib.

Halbuki onların qarşısında azı 2-3 monitor olur və hər epizodu daha aydın görə bilirlər. Hətta bəzən efirə verilməyən epizodların belə VAR-da daha aydın göründüyü iddia edilir. Ancaq belə bir önəmli epizodun nə TV-də, nə də VAR-da fərqli rakurslardan olmaması olduqca ciddi müzakirələrə və müəyyən şübhələrə səbəb olub.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43