24 Sentyabr 2024
Ölkə futbolu

Samir Abasov: “Samir müəllim, transfer edin”

Azərbaycan Premyer Liqasının XXIII turunun “Sumqayıt” – “Turan Tovuz” oyunundan (0:0) ev sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Bu oyuna kimi həddindən artıq narahatlıq var idi. “Zirə” ilə oyundan sonra bərpa oluna bilmədik. Bu da sıx qrafikdən irəli gəlir. Uşaqlar psixoloji olaraq yükləniblər. Bu gün bir xalın səbəbi də nizamlı oynamaqları idi. Rəqibə çox şans vermədik. Matçdan əvvəl bilirdik ki, tam hazır deyilik, buna görə nizamlı olmaq vacib idi. Futbolçulara təşəkkür edirəm. Belə oyunları başa düşürəm, artıq rəqiblər üçün açıq kitabıq. Heyətimizi, kimlərin dəyişəcəyini rəqiblərimiz də bilir. Gedişatda pis də ola bilər. Bu gün uşaqlar uduzmamaq üçün hər şeyi etdilər. Qələbə üçün kifayət qədər çalışdılarmı? Xeyr. Mövqeyimizi qorumağa çalışacağıq.

– Futbolçu çatışmazlığından narazılıq edirsiz. Nə üçün oyunçu tapılmır?
– Uzun mövzudur. Əziyyətin çəkmişik. Rəqibi götürsək, mövqe olaraq bizdən aşağıdadılar, amma hər xəttdə oyunçuları var. Biz artıq 10, 11 nəfəri dəyişə bilmirik. Transfer tək baş məşqçiyə aid deyil, klubun siyasətidir. Bu gün özümüz yazıları oxuyuruq. Azərbaycan futbolunda baş verən transferlər tək məşqçilərə aid deyil. Bu klubun imkanlarına aiddir. Transfer məsələsi hamı üçün dərs olmalıdır. Azından “Turan Tovuz”un gördüyü işi görməliyik. Suallar verilir, cavab vermək məcburiyyətindəyəm. Amma transferlər maliyyəyə bağlıdır, klubun siyasətidir. Gedib 2 futbolçu gətirə bilmərəm. Vəziyyəti hamı anlayır. Amma bu uşaqların bura gəlib çıxmağı çətindir. Biz indiki uşaqları qorumalıyıq. Əziyyətli oyunlarımız olacaq. Uşaqlar psixoloji yüklənir. Oyundan əvvəlki iki gün narahatlıq var idi. Oyunumuz istədiyimiz kimi alınmadı. Bu gün uşaqlar qələbə üçün heç nə etmədilər.

– Siz transfer istəmədiniz?
– İstədik, rəhbərlik də çalışdı. Bir az fikir ayrılıqları ola bilər. İstədiyim futbolçu baha ola bilir, hamını razı sala bilmərik. Şərhlərdə hamı yazır: “Samir müəllim, transfer edin”. Bu gün Florentino Peres Toni Kroosu əsrin transferi adlandırıb. Amma Qvardiola “Bavariya”da olanda demişdi ki, o, bizim fəlsəfəmizə uyğun deyil. Görürsünüz, klub başqa, baş məşqçi başqa düşünür.

– Komandanı “Qarabağ”la oyuna qədər hazır edə biləcəksiniz?
– Hər oyuna hazırlaşırıq. Belə matçlarımız olacaq. Xoş olan odur ki, çox yorğun olsaq da, intizamı qoruyurur. Bu gün də uşaqlar bunları yaxşı etdilər. Rəqibə şans vermədik. Bir-iki oyundan sonra milli fasilə olacaq. Bəlkə, həmin vaxt bu yorğunluğu ata bilərik.

– Nə üçün Azərbaycan futboluna xarici investorlar maraq göstərmir?
– Son illərdə “Qarabağ” Avropa arenasında uğurlu çıxış edir. Onların yanında da 2-3 klub olsa, bəlkə, maraq yaranar. Biz bütün işlərdə geridəyik. Bizdə meydançada 11 nəfərin gördüyü iş və baş məşqçilərin işi ətrafında müzakirələr olur. Bu gün “Sumqayıt” ikinci sıradadır, yeni meydançamıza azarkeş yığa bilmədik. Bu, qlobal problemdir. Türkiyəni bizimlə müqayisə etməli deyil. Onlara çata biləcəyikmi? Bilmirəm. Sizin də formalaşdırdığınız rəy düzgün deyil. Müzakirə ancaq futbolçu və baş məşqçilərdir. Klubda iş görənlər var. Məsələ budur, bunlar danışılmalıdır. Hansısa investorları bura cəlb etmək üçün tək klubda yox, ölkədə bəzi şeylər dəyişməlidir. Bunların da olacağına inanmıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43