20 Oktyabr 2024
Ölkə futbolu

Tahir Gözəl: “Onlarla ən yüksək səviyyədə oynayacağıq və Avropanı təəccübləndirməyə çalışacağıq”

Avropa Liqasının 1/8 final mərhələsinin bu gün keçirilən püşkatma mərasimində “Qarabağ”ın prezidenti Tahir Gözel iştirak edib. 

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin prezidenti tədbir barədə fikirlərini klubun saytına açıqlayıb:

“Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının keçirildiyi UEFA-nın mənzil-qərargahında bizə çox isti münasibət göstərdilər. Ardıcıl ikinci dəfə püşkatmada iştirak edirəm. 1/8 finala yüksəldikdən sonra pley-offun püşkatmasından daha fərqli münasibət gördük. Qurumun baş katibinin müavini Corco Markettinin və tədbirin bütün aparıcılarının “Qarabağ” haqda xüsusi danışması, komandamızın 1/8 finala möhtəşəm mübarizə ilə yüksəldiyini vurğulaması məni qürurlandırdı. İrlandiyanın paytaxtı Dublində keçiriləcək final oyununun səfiri, “Mançester Yunayted”in əfsanələrindən olan Con Oşi özü də bunu xüsusi qeyd etdi. Biz “Braqa” səddini keçməklə bütün Avropanı təəccübləndirdik. Hamı “Qarabağ”a ehtiramla, heyranlıqla yanaşır. “Qarabağ” sözünün, Azərbaycan bayrağının bu səviyyədə tanınması göstərir ki, klubumuzda böyük iş görülüb. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu mərhələyə qədər irəliləmişik. 1/8 finalda ən yaxşılar oynayır. Avropada 1000-dən çox klub var və biz Avropa Liqasının 16 ən yaxşısı arasına düşmüşük. Bunun özü tarixi nailiyyətdir. Mən xalqımızı və Ali Baş Komandanımızı təbrik edirəm”.

Klub prezidenti “Qarabağ”a “Bayer”in rəqib olmasına da münasibət bildirib: 

“Püşkatmanın sonunda iki komanda – “Slaviya” və “Bayer” qalanda Çexiya klubu ilə oynayacağımıza çox ümid edirdim. Ancaq püşkə əsasən rəqibimiz Leverkuzen təmsilçisi oldu. Almaniya klubu çox güclü rəqibdir. Məğlubiyyətsizlik seriyasına malik, rekorda sahib olan bir komandadır. Xüsusilə də cari mövsümdə ən yüksək səviyyədə futbol nümayiş etdirirlər. Əlbəttə ki, asan oyun olmayacaq. Amma biz onları, həm də onlar bizi tanıyır. Təcrübəmiz var. “Qarabağ”ın dünənki möhtəşəm qalibiyyəti də bizi ruhlandırır. Onlarla ən yüksək səviyyədə oynayacağıq və Avropanı təəccübləndirməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43