“İlk qolu çox tez buraxdıq. Bundan sonra yenidən oyuna qayıtmaq çox çətindir. Hesabı bərabərləşdirmək istəyirdik. Təəssüf ki, bacarmadıq. Daha iki qol buraxdıq. Ondan sonra oynamaq çətin idi. İkinci hissə daha yaxşı oynadıq. Bu da anlaşılandır, çünki “Qarabağ” üç qol vurmuşdu, daha rahat oynadılar”.
İdmanxeber.az məlumat verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç ölkə kubokunun yarımfinal mərhələsinin “Qarabağ”a (0:4) qarşı keçirilmiş ilk görüşündən sonra mətbuat konfransında deyib. Çernoqoriyalı mütəxəssis daha sonra sualları cavablandırıb:
– Müqavilə imzaladığınız vaxtda qarşınıza ikinci yer və ölkə kubokunu qazanmaq məqsədi qoyulmuşdu. Necə olacaq? Komandanın oyununda irəliləyiş yoxdur, azarkeşlər də matçınızı boykot edib…
– Niyə belə həyəcanlısınız? Bundan məmnunsunuz? Sanki uduzduğumuza görə məmnunsunuz. Bizim məğlubiyyətimizə görə həyatınızda heç nə dəyişməyəcək. Komandaya rəhbərlik edən şəxslər var. Onlar qərar verəcək. İndi ikinci pillədəyik. Son üç oyunda 7 xal qazanmışıq. Bəli, bu gün uduzduq. Amma heç nə deyə bilmərəm.
– “Neftçi” evdə oynasa da, sanki “Qarabağ” ev görüşünə çıxmışdı. Bu vəziyyətə görə özünüzü nə dərəcədə günahkar hesab edirsiz?
– Burada iki ayyarımdır ki, fəaliyyət göstərirəm. Azarkeşlərlə hansı problem olduğunu bilmirəm. Bu sual mənə deyil. Azarkeşlər olduğu halda, komanda daha yaxşı rahat oynaya bilərdi. Fakt odur ki, biz özümüzü sanki “Qarabağ”ın stadionunda hiss edirdik.
– Çamadanınız hazırdı?
– Sizin üçün nə fərqi? Bununla sizin həyatınızda nə dəyişəcək? Mənim öz həyatım var. Rəhbərlik qərar versə, məni işdən çıxaracaqdı. Siz isə, eyni şəkildə kiçik jurnalist kimi qalacaqsız.