Dünən – 30 iyun tarixində görkəmli jurnalist, Azərbaycan idman jurnalistikasında özünəməxsus qələmi və yeri olan Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirilib.
İdmanxeber.az saytının məlumatına görə, ETOPAZ-ın baş sponsorluğu, Azərbaycan Mətbuat Şurası və AFFA-nın dəstəyi ilə keçirilən görüşdə veteran futbolçular, hakimlər, tanınmış jurnalislər, sənət adamları və mərhumun ailə üzvləri iştirak edib.
Matçdan öncə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Tədbirə yığışmış qonaqlar dövlət himnimizi canlı ifa ediblər. Daha sonra mərhumun, eləcə də şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Sənan Şəfizadə ilk olaraq sözü Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədliyə verib. O, uzun illər tanıdığı mərhum jurnalistin işinin peşəkarı olduğunu vurğulayıb. Y.Məmmədli ötən əsrin 90-cı illərinin əvvəlində jurnalistlər arasında keçirilən ilk futbol turnirində Elnur Əşrəfoğlunun kapitan olduğu Azərbaycan Dövlət Televiziyasının komandasının qalib gəldiyini bildirib.
Daha sonra söz Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə verilib. Elnurun ilk iş yeri olan “525-ci qəzet”ə gəlişini xatırladığını bildirən R.Məcid Əşrəfoğlunun gənc idman jurnalisləri üçün cığır açdığını söyləyib. O qeyd edib ki, Əşrəfoğlu ilk gündən yazıları, maraqlı rubrikaları ilə tanınmağa başlayıb. R.Məcid xatırladıb ki, ilk dəfə məhz E.Əşrəfoğlu futbol üzrə Azərbaycan milli komandasının səfər oyununun stadiondan şərh edib.
Sonra söz AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədliyə verilib. O da xatirələrini bölüşüb, Əşrəfoğlunun hər zaman dostları və sevənləri tərəfindən xatırlanacağını söyləyib.
Sonda mərhum jurnalistin atası Əşrəf bəy çıxış edib. O, tədbirin təşkilində əziyyəti olan hər kəsə minnətdarlıq edib. Elnurun xatirəsinə göstərilən ehtirama görə bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş “Təbriz” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ilk fiti sabiq FİFA referisi Tahir Süleymanov səsləndirib, topa ilk toxunuşu isə Elnur Əşrəfoğlunun oğlu Mətin edib. Görüş “Təbriz” komandasının 6:4 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Gündüz Abbaszadə 3, mərhumun qardaşıoğlu Əşrəf Şükürov 2 qol vurub. Komandanın daha bir qoluna isə Xanoğlan İmanov imza atıb. Elnur Əşrəfoğlunun oğlu Mətin də “Təbriz” komandasının heyətində çıxış edib.
Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə görüşün bütün iştirakçıları diplomla təltif ediliblər. Daha sonra matçın keçirilməsində böyük rolu olan ETOPAZ şirkətinə, eləcə də Azərbaycan Mətbuat Şurasına, Demokratik Jurnalistlər Liqasına, “525-ci qəzet”ə təşəkkürnamələr təqdim olunub. Xatirə hədiyyələrini mərhumun qardaşı Rəşad Şükürov təqdim edib. 2021-ci ildə Gürcüstanda idman jurnalistləri arasında keçirilən beynəlxalq futbol turnirində Azərbaycan tərəfinin istəyi ilə Elnur Əşrəfoğlunun adına turnirin ən yaxşı oyunçusu üçün mükafat təsis edilmişdi. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev həmin müfakatın bir nüsxəsini Elnur Əşrəfoğlunun oğlu Mətinə təqdim edib.