21 Dekabr 2024
Ölkə futbolu

“Malmö” ilə oyunda qələbədən başqa heç nə düşünmürəm”

“Malmö” ilə oyunda qələbədən başqa heç nə düşünmürəm. Özümüzə uyğun rəqibdir. Asan komanda deyillər, amma biz də güclüyük. Onlardan daha çox təcrübəyə sahibik. Bakıdakı görüşdə xal və ya xallar qazana bilərik. Bu turnirdə evdəki oyunlar çox önəmlidir. Çalışıb maksimum nəticə göstərmək lazımdır.”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov “Qarabağ” – “Malmö” matçı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Tottenhemlə” oyuna da yaxşı başlamışdıq. Amma sonradan nəticə yaxşı olmadı. Epizodlarımız var idi. Qol vura bilməməyimiz təcrübəsizlikdən, həyəcandan irəli gəlir. Oyunçular özünü itirir. Biz hələ o atmosferə, ab-havaya uyğunlaşa bilməmişik. Həmin matçda penaltidən də yararlana bilmədik. Əslində bu məsələ də çox uzadılır. Düzdür, Toral penaltini qola çevirə bilmədi. Ancaq əvvəllər bunu çox bacarıb. Ona görə də topun arxasına özü keçdi. Dediyim kimi, həyəcanını boğa bilmədi. Penaltini ki, rahat, sərbəst vurmadım, qol olmayacaq. Olur belə şeylər. Hamının başına gəlir, şişirdiləsi bir şey yoxdur. Bu söhbət həqiqətən çox uzadıldı. Yəni Messi, Ronaldo kimi futbolçular da penaltini vura bilmir. 

Artıq “Tottenhem” görüşü geridə qaldı. Əsas digər rəqiblərə köklənmək lazımdır. “Malmö” ilə evdə – azarkeşlərimizin önündə oynayacağıq. İnanıram ki, onlara qarşı layiqli mübarizə aparıb qələbə qazanacağıq. Açığı, “Qarabağ”ın turnirdə yaxşı xallar toplayacağını inanıram. Növbəti mərhələyə keçə bilməməyini düşünmək belə istəmirəm. Alınmasa da, buna uğursuzluq demərəm. Çünki rəqiblər də meydana uduzmaq üçün çıxmır. Komandamızın şansı yüksəkdir. Növbəti mərhələyə yüksəlməsə də, eybi yoxdur. “Qarabağ” Avropada yetərincə ad qoyub”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43