“Sumqayıt”la müqaviləsi başa çatan Elvin Bədəlovla Murad Xaçayevin karyerasını “Neftçi”də davam etdirəcəyini xəbər vermişdik. Hər iki oyunçu da bu yaxınlarda “ağ-qaralar”la müqavilə bağlayacaq.
Artıq sözləşmənin detalları da məlumdur. Bədəlovla Xaçayevin “Neftçi” ilə iki illik müqavilə imzalayacağı gözlənilir.
İki müdafiəçinin bu günə qədər rəsmən açıqlanmamasına səbəb tərəflər arasında davam edən maliyyə müzakirəsi idi. Ancaq artıq bütün detallar razılaşdırılıb.
Onlar paytaxt təmsilçisində yüksək məbləğdə maaş alacaqlar. Əldə etdiyimiz məlumata görə, futbolçuların “Neftçi”dəki aylıq gəliri 20 min manat olacaq.
Tərəflər bu məbləğ qarşılığında əl sıxışıblar. Klub yaxın vaxtda Xaçayevlə Bədəlovun transferini rəsmən açıqlayacaq.
Qeyd edək ki, Murad Xaçayev cari mövsüm “Sumqayıt”ın heyətində Premyer Liqada 35 oyun (1 məhsuldar ötürmə), Elvin Bədəlov isə 33 matç (3 məhsuldar ötürmə) keçirib. Hər iki müdafiəçinin “kimyaçılar”la müqavilə müddəti iyunun 30-da başa çatacaq.
Həsən Quluzadə / İdmanxeber.az

