“Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisinin rəhbəri “Neftçi” ilə oynayacaqları görüşün təxirə salınmasını istədiklərini bildirib:
“Təqvimimiz çox ağırdır, çətindir. “Neftçi” ilə mütəmadi olaraq təmasdayıq. Xahiş edirik ki, matç təxirə salınsın. Amma qərar onlarındır. Bütün qərarlarına hörmətlə yanaşırıq”.
Klub prezidenti komandasının Çempionlar Liqasındakı uğurlu çıxışı haqda fikirlərini bölüşüb. O, “Nyukasl”la matçlar barədə bunları deyib:
“Tarixi mövsüm keçiririk. Bu, məni çox sevindirir. Avropada 1200-dən çox klub var və biz ilk “24-lüy”ə düşmüşük. “Nyukasl”la oyuna qalib gəlmək arzusu ilə çıxacağıq. Biz səfərə bərabərlik üçün yox, qalibiyyət üçün gedirik. Müdafiədə yox, hücumda çıxış edəcəyik. Klubun prezidenti olaraq Qurban Qurbanov və komandamdan gözləntim odur ki, bütün rəqiblərə qarşı ən gözəl oyunu görmək istəyirəm”.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ayın 18-i “Nyukasl”la, 21-də isə Azərbaycan Premyer Liqası 21-ci turu çərçivəsində “Neftçi” ilə üz-üzə gələcək.

