“Qarabağ”ın maraq dairəsində olduğu bildirilən braziliyalı hücumçu Daniel Troianonun gələcəyi ilə bağlı yeni detallar ortaya çıxıb.
İdmanxeber.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu iyulun 18-də başa çatacaq müqaviləsini “Fortaleza” klubu ilə yeniləmək niyyətində deyil. Bu səbəbdən o, müqavilə müddəti bitdikdən sonra azad agent statusu qazanacaq.
Hazırda icarə əsasında “Floresta”da çıxış edən Troiano həmin klubla olan müqaviləsinin də son günlərini yaşayır. Daha əvvəl futbolçunun əsas namizədi kimi “Qarabağ” göstərilsə də, son günlər digər klubların da marağı yaranıb.
Xəbərdə qeyd edilib ki, Bolqarıstanın “Botev” klubu da futbolçunu transfer etmək istəyən komandalar sırasındadır.
Xatırladaq ki, Daniel Troiano ötən mövsüm komandası ilə 10 oyunda meydana çıxıb və 3 qol vurub.

