Portuqaliyalı mütəxəssis Jorje Kaşkilya ilə yollarını ayıran “İmişli” klubunun baş məşqçisi müəyyənləşir. Bir müddətdir əcnəbi çalışdırıcı axtarışında olan bölgə təmsilçisinin istəyi baş tutmayıb.
Belə ki, adı açıqlanmayan ispaniyalı məşqçi ilə danışıq aparan İmişli klubu onunla razılaşa bilməyib. Əcnəbi mütəxəssis Premyer Liqa təmsilçisinin təklifini geri çevirib.
Bunun ardından rəhbərlik komandanı azərbaycanlı mütəxəssisə həvalə etməyə qərar verib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “İmişli”nin baş məşqçisi Fərid Namazov olacaq. Rəhbərlik gənc çalışdırıcı ilə razılıq əldə edib.
Namazovun ilk öncə komandanın məşqçilər heyətində yer alacağı bildirilirdi. Ancaq əcnəbi mütəxəssislə anlaşa bilməyən rəhbərlik fikrini dəyişib və Fərid Namazovu komandaya baş məşqçi təyin etməyə qərar verib.
Yaxın vaxtda təyinatın rəsmən açıqlanması gözlənilir.
Xatırladaq ki, F.Namazov 2024-25 mövsümündə Azərbaycan I Liqasında “İmişli”ni çempion edərək, komandanı Premyer Liqaya yüksəltmişdi.

