Ölkə futbolu

Abasovun aciz komandası

“Qarabağ”ın Premyer Liqadakı gücünə, səviyyəsinə heç kimin şübhəsi yoxdur. Ağdam təmsilçisi liqada bütün komandalardan üstündür və hər görüşə favorit kimi çıxır. Əlbəttə, bəzi rəqiblər onlara qarşı xüsusi motivasiya ilə hazırlaşır. Çünki Avropa klubundan xal almaq, onlarla mübarizə aparmaq ayrı bir bacaraqdır. Və bu, hansısa səviyyədən, gücdən daha çox, xarakterdən irəli gələn məsələdir.

“Sumqayıt” isə “Qarabağ”la görüşlərdə paltardəyişmə otağından meydana məğlub çıxır. Samir Abasovun komandası bu mövsüm iki oyunda rəqibindən 11 qol buraxıb. Meydanda nə mübarizə var, nə aqressivlik, nə də xarakter. Abasov kənarda qışqır-bağırları ilə istəkli məşqçi obrazını yarada bilib. Ancaq futbolun hay-küylə oynanan dövrü özünün meydana çıxdığı vaxtlarda qalıb.

İndi artıq çox şey dəyişib. Qışqır-bağır dövrü yerini ağılla, düzgün motivasiya ilə əvəzləyib. Samir bəy bunlardan bixəbərdir. Çünki özü demişdi ki, mətbuatı oxumur. Medianı oxumayan, heç nəyə baxmaz. Bəlkə də heç ömründə bir kitab vərəqləməyib. Konfranslarda danışarkən saitləri saymağı da (a, u, i, ı, ə) buna əlavə dəlildir. Prinsipiallığı oyundan qovulmaqdan ibarətdir. Əgər əksi olsaydı, meydanda başqa “Sumqayıt” olardı.

İlk oyunda 5 qol buraxan, ötən mövsüm azarkeşləri önündə rüsvayçı məğlub olan (0:6) komanda bu gün doğma meydanda fərqli çıxış etməlidir. İnsanın bir məqsədi, prinsipi olar. Dünyada fərqli məğlub olan bütün komandalar az qala bütün mövsümü həmin klubla cavab görüşünü gözləyir. Xarakterinə, özünə sığışdırmır bu nəticəni. Amma deyəsən, Abasovun “Sumqayıt”ı üçün belə şey önəmli deyil. O qədər tamaşaçı önündə hər dəfə 6 top buraxmaq rüsvayçılığını davam etdirir.

“Sumqayıt” “Qarabağ”a fərqli uduzan ilk komanda deyil. “Kəpəz” də cari mövsüm Ağdam klubundan 7 top buraxıb. Ancaq ən azından bir dəfə xal qoparmağı bacarıb, sürpiz edə bilib. Azər Məmmədov min bir zülmlə bunu bacarmışdı. Samir Abasovun komandası niyə hər dəfə biabır olur? İki mövsümdür “köhlən atlar”ın top sayına “işləyirlər”.

Özü də Sumqayıtda, o qədər cəfakeş azarkeşin önündə mübarizə belə aparmağı bacarmır komanda. Turnir cədvəlindəki durum özlənirini qane edə bilər, amma bu darmadağınlar həqiqi azarkeşlər üçün böyük travmadır. Samir Abasov hər nə qədər özünü heç nə olmamış kimi aparsa da, bu nəticələr də onun adını yazılır. Onun barəsində “yaxşı motivatordur” deyirlər. Bəli, düzdür. “Qarabağ”a çətin avrokubok oyunu üçün yaxşı motivasiya verdi.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43