Kateqoriyasız

AFFA-dan “cümə bonusu”: “Sabah” məşqçisinə, “Qarabağ” azarkeşlərinə görə…

AFFA İntizam Komitəsi (İK) “Sabah” klubunun məşqçisi Vitali Kovalyova 5 oyunluq cəza verib.

İdmanxeber.az-ın məlumatına görə, buna mütəxəssisin “Keşlə”yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyununda hakimi təhqir etməsi səbəb olub.

Paytaxt təmsilçisi Kovalyova görə 4000 manat məbləğində cərimələnib. Bundan əlavə, klub 5 futbolçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 800 manat ziyana düşüb. “Sabah”ın qapıçısı Səlahət Ağayevin formasında qüsur aşkarlanıb və qarşılaşma bu səbəbdən gec başladığından qonaqlar əlavə 800 manat ödəyəcək.

İK “Qarabağ” klubuna da 4000 manat məbləğində cəri tətbiq edib. “Köhlən atlar”ın azarkeşləri evdə “Qəbələ”ni 5:1 hesabı ilə məğlub etdikləri görüşdə kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədiblər.

Həmin oyunda qonaq komandanın azarkeşləri stadiondakı əmlaka zərər vurub və dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.

“Səbail” isə 4 futbolçusu “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə gördüyü üçün 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43