Kateqoriyasız

AFFA-nın baş katibi FIFA seminarında

FIFA-nın Fransanın paytaxtı Parisdə yerləşən ofisində II seminarı keçirilib.

İdmanxeber.az xəbər verir ki, qurumun Avropa ölkələri üzrə üzv assosiasiyaları üçün təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev və maliyyə və mühasibatlıq departamentinin əməkdaşı Riad Axundov iştirak edib.

Seminarda əsas mövzu futbolun inkişafı sahəsində əməkdaşlıq, habelə FIFA-nın “Forward” və Qadın futbolu proqramları, “Məktəblərdə futbol” layihəsi proqramının inkişafı olub. Tədbirdə FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov da yer alıb. O, seminarda çıxışı zamanı bu kimi toplantıların əhəmiyyətindən bəhs edib:

“Bu kimi tədbir həm biz, həm də üzv assosiasiyalar üçün çox vacibdir. Seminar iştirakçılara daha çox dəstək verə biləcəyimiz yollara həsr edilib. Çünki belə görüşlər birlikdə işləmək və futbolu həqiqətən qlobal etmək baxımından çox fayda verir.

İlk seminardan aldığımız rəy əsasında bu dəfəki tədbir artıq uğurlu alınıb. Bu, uzun silsilənin ilki olacaq. Çünki 13 sentyabr seminarına əlavə olaraq gələcəkdə başqa ölkələrdə və digər şəhərlərdə daha konkret tədbirlər təşkil etməyi nəzərdən keçiririk. Məqsədimiz üzv ölkələrin daha çox faydalandığına əmin olmaqdır”.

Seminarda AFFA-nı təmsil edən baş katib Sərxan Hacıyev də çıxış edib. O, toplantının faydalı olduğunu söyləyib:

“Bu faydalı seminarı təşkil etdiyi üçün FIFA-ya dərin təşəkkürümü bildirirəm. Bu cür toplantılar çox vacibdir. Çünki bunun nəticəsi məhsuldar müzakirələrə səbəb olur. Sonra biz öz ofisimizə informasiyaları ötürür və müxtəlif aspektlər üzərində işləməyə davam edirik. Bir federasiyanın öz fikirlərini FIFA ilə müzakirə edə bilməsi və qurumun bunları nəzərə alması bütün üzv assosiasiyaların və futbolun inkişafı üçün müsbət hal ola bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43