Bu gün Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qarabağ” doğma meydanda AZAL-ı 1:0 hesabı ilə məğlub edib.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra Ağdam klubunun futbolçusu Ağabala Ramazanov jurnalistlərin suallarını cavablandırıb:
– Tam ciddi hazırlaşmışdıq. Sevinirik ki, qalib gəldik.
– Düşünmürsən ki, “Qarabağ”ın oyununda eniş var?
– Deməzdim ki, eniş var. Məncə bu sualı məşqçiyə verməlisiz. Eniş yoxdu. Tam ciddi hazırlaşırıq. Bu oyunda bir neçə qol epizodunu da əldən verdik.
– “Qarabağ”a tam uyğunlaşmısan?
– Bura gələndə çətinlik çəkmədim. Çünki hamını demək olar ki, tanıyırdım. Millidə də birgə oynamışam. Uşaqlığımdan tanıdığım oyunçular da var idi. Belə baxanda çətin olmadı.
– “Qarabağ”la İnter fərqli oyun nümayiş etdirirlər. Sistemə öyrəşmisən?
– “İnter” 5, “Qarabağ” isə 4 müdafiəçi ilə oynayır. Çətinlik çəkmirəm.
– Dani Kintananın boşluğu əsas probelm sayıla bilər?
– Əlbəttə, Kintana önəmli futbolçudur. Onun yoxluğu hiss olunur.
– Qətərlə oyunda milli necə oynamışdı?
– Heç oyunun icmalına mən də baxmamışam (gülür). Ansi Aqolli də bildirmişdi ki, Qətər – Albaniya yoldaşlıq görüşü də elə keçib. Yəni, qapalı şəraitdə. Qolları heç mən də görməmişəm.
– Millimiz martın 26-da DÇ_2018-in seçmə mərhələsi çərçivəsində Almaniya qarşı oynayacaq. Bu barədə fikirlərini necədi?
– Almaniya ilə oyuna tam ciddi hazırlaşacağıq. Asan rəqib deyil. Dünya çempionlarına qarşı mübarizə aparacağıq. Əl-qolumuzu sallamayacağıq ki, Almaniya bizə 4-5 qol vursun. Əlimizdən gələni edəcəyik.
– Fərdi keyfiyyətlərdən istifadə etməyi sevən oyunçusan. Qarşında isə dünyanın ən güclü müdafiəçiləri olacaq. Onlara qarşı necə oynayacaqsan? Driblinqlərdən istifadə edəcəksən?
– Bizdə elədir ki, hücumçu qabaqda sərbəst olmalıdı. Hər an sərbəst olmalısan. İrəli xətddə sərbəst davranmağı Robert Prosineçki tapşırıb.