“Zirə” ilə oyunun çətin keçəcəyini bilirdik. Çempionatda heç bir rəqib asan təslim olmur. Rəqib isə Premyer Liqanın lideri idi. Onlara qarşı yaxşı hazırlaşmışdıq. Komanda şəklində əla mübarizə apardıq və sonda qələbə qazandıq. İndi qarşıdakı oyunlara hazırlanmalıyıq”.
Bu sözləri idmanxeber.az saytına “Araz-Naxçıvan”ın futbolçusu Abdulla Rzayev qalib gəldikləri “Zirə” görüşü (1:0) barədə danışarkən deyib. U-21 millimizin üzvü oyunun sonlarında zədəli kim yerə yıxılıb hakimin final fitindən sonra dərhal ayağa qalxması müzakirələrə səbəb olub.
Rzayev azarkeşlərin onu vaxt aparmaqda günahlandırdığı epizod barədə bunları deyib:
“Oyunda çox qaçmışdım, bütün bədənim yorulmuşdu. Ayağımdan sudurqa tutdu, komanda yoldaşımın köməyindən sonra düzəldim. Həmin vaxt hakim matçı bitirdi və ayağa durdum. Vaxt aparmaq kimi niyyətim yox idi. Ümumiyyətlə, nə özümüz belə şeylər edirik, nə də baş məşqçi bunu bizdən tələb edir”.
21 yaşlı futbolçu Millimizin AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün baş məşqçi Canni De Byazidən dəvət gözləyib-gözləməməsinə belə münasibət bildirib:
“Əsas yığmada oynamaq bütün futbolçuların arzusudur. Dəvət alsam, mənim üçün böyük sevinc olar. Çox sevinərəm. Çalışaram ki, üzərimə düşən işin öhdəsindən gəlim. Dəvət almaq və millidə çıxış etmək böyük şərəfdir”.
Həsən Quluzadə

