Kateqoriyasız

Ayxan Abbasov: “Oyunçularda sanki özünəinam itmişdi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov İdmanxeber.az- saytına müsahibə verib. Baş məşqçi əvvəlcə komandanın ilk dövrədəki çıxışını dəyərləndirib. A.Abbasov gəldiyinin az vaxt olmasına baxmayaraq oyunçuların onu baş düşdəklərini və tam olaraq nə tələb etdiyini bildiklərini söylədi:

“Bildiyiniz kimi mən sona 3 oyun qalmış komandaya gəlmişəm. Məndən öncə ard-arda 5 və ya 6 məğlubiyyət var idi. Oyunçularda bunun psixoloji təsiri var idi, sanki özlərinəinam itmişdi. Lakin bu qısa vaxtda bunu aradan qaldıra bildik. Oyunçuların yenidən ruhunu ortaya qoyması, hər top üçün mübarizə aparmasını qənaətbaxş hesab etmək olar. Təbii ki, hər şeyə rəğmən çatışmamazlıqlarımız var”

Komandanı Nazim Süleymanovdan təhvil alarkən hansı vəziyyətdə olmasına isə A.Abbasov belə şərh etdi:

“Hər məşqçinin öz baxışı, fikri var. Məni bu gün qane edən, məndən sonrakını qane etməyə bilər. Necə ki, mən “Zirə”dən ayrılandan sonra təzə gələn məşqçi orada müəyyən dəyişikliklər etdi. Mən bu ayyarımda ən çox buna çalışmışam ki, oyunçulara nə istədiyimi çatdırım. Və sevindirici hal budur ki, onlar məni tez başa düşdülər”.

Ayxan Abbasov kubokda “Neftçi”ni məğlub etdikdən sonra final hədəflərinin yaranmasına isə bu cür cavab verdi:

“Hər futbolçunun, hər komandanın bir hədəfi olmalıdır. Hamı istəyər ki, kubok qazansın, çempion olsun. Mən demişdim ki, “Neftçi”ni keçə bilsək bu, bizim üçün böyük uğur olacaq. Hərhalda “Neftçi” bu çempionatın lideridir. Və “Qarabağ”ın da 3 xal önündədir. Bilirsiniz ki, bu, son illərdə yaşanmamış bir hadisədir. Doğrudur finala iki oyun qalıb. Belə baxanda çox qısa yoldur. Ancaq rəqibi də unutmuruq. Onlar da final üçün mübarizə aparacaqlar. Çalışacayıq ki, iki cəbhədə də mübarizə aparaq. Bu gün elə bir vəziyyətdir ki, çempionatda həm 3-cü yeri, həm də sonuncu yeri tuta bilərik”

Fasilədə komandaya hansı oyunçuların cəlb olunmasına isə Ayxan Abbasov belə münasibət bildirdi:

“Biz hazırda bütün mövqelər üçün oyunçu axtarışındayıq. Rəhbərliyə bildirdim ki, hər bölgəyə oyunçu alaq ki, komandada rəqabət olsun. Bununla belə həm də əlimizdəki oyunçuların üzərində çox çalışırıq. Sevindiricidir ki, Xəyal Nəcəfovu yenidən heyətə qaytara bildik. O, son oyunların ən yaxşısı idi. Çalışırıq ki, yeni oyunçular transfer edək. Artıq Rəşad Əzizlini heyətə cəlb etmişik. Ümid edirəm ki, Mehdi Cənnətovla aralarında yaxşı bir rəqabət olacaq. Digər tərəfdən “Zirə”dən ayrılan Adil Nağıyevi də heyətimizə cəlb etmişik. Biz onu Bəxtiyar Həsənalızadə ilə dəyişdik. Bəxtiyarın “Zirə”nin təklifini razılıq verdiyini və onun komandadan ayrılacağını hiss etdik. Təbii ki, bunu normal qarşılayırıq. Ola bilər ki, futbolçu özünü orada sınamaq istəyir.

Bildiniyiniz kimi, bizim komandada legioner futbolçular olmur. Mən bura gələndə də buna bələd idim. Tamamən də buna köklənmişəm. Çalışdığımız qədər əlimizdəki futbolçuların üzərində işləyəcəyik. Kimi gəldi komandaya gətirmək olmur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43