İdman

Azərbaycanlı cüdoçudan AÇ-də bürünc medal

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatına yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, qitə birinciliyinin son günündə Azərbaycanın daha 3 cüdoçusü mübarizəyə qoşulub.

Yuxarı çəki dərəcələrində Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparıblar.

Məmmədəli Mehdiyev 1/16 finalda David Klammerti (Çexiya), 1/8 finalda isə Cennaro Pirellini (İtaliya) məğlub etsə də, 1/4-də Teodoros Tselidisə (Yunanıstan) uduzub. Təsəlliverici görüşdə Yesper Sminkə (Niderland) qalib gələn cüdoçumuz bürünc medal görüşündə iştirak hüququ qazanıb. Mehdiyev Kristian Tot (Macarıstan) ilə həlledici qarşılaşmada rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına yenməyi bacarıb. Beləcə, cüdoçumuz AÇ-ni bürünc medalla başa vurub.

Elmar Qasımov 1/16 finalda Sedrik Olivara (Fransa), 1/8 finalda İlya Salamanidzeyə (Gürcüstan) qalib gəlib. Lakin idmançımız 1/4 finalda Mixael Korrelə (Niderland) məğlub olub. Təsəlliverici görüşdə Peter Palçiki (İsrail) məğlub etməyi bacaran Qasımov bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb. Lakin təəssüf ki, Elmar həlledici görüşdə uduzaraq 5-ci yerlə kifayətlənib.

Mübarizəyə 1/8 finaldan başlayan Uşangi Kokauri isə İves Ndao (Belçika) ilə ilk görüşündə qalib gəlsə də, növbəti mərhələdə Yohannes Fraya (Almaniya) uduzub. Təsəlliverici görüşdə Yakov Hanna (Ukrayna) ilə görüşdə də məğlubiyyətlə üzləşən idmançımız 7-ci yerlə kifayətlənib.

Bununla da Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Daha öncə Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) isə bürünc medala yiyələnmişdi. Yarışın yekun nəticələrinə görə millimiz Avropa çempionatını ümumi sıralamada 8-ci, kişilər arasında isə 4-cü yerdə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43