İllərdir arzuladığı Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan”da həvəskar səviyyəli komandalarda olan bəlirsizlik var. Klub elə bir gözləmə mövqeyini seçib ki, sanki hələ də əsas çempionata gəldiyinin fərqində deyil. Əlbəttə, qarşıda bir az daha vaxt var və bu müddətdə bəzi işləri yoluna qoymaq olar. Ancaq ortadakı bəlirsizlik Premyer Liqa təmsilçisinə yaraşmayacaq qədər biabırçıdır.
Naxçıvan klubu mövsümün hazırlıqlarına başlasa da, heyətində cəmi 12-13 futbolçu var. Üstəlik hələ də komandanın ev oyunlarını harda keçirəcəyi bəlli deyil. Bu barədə yekun, konkret nəsə deyən də yoxdur. Sözsüz ki, bunlar birbaşa maliyyə ilə bağlı məsədir. Ancaq hələ ötən mövsüm I Divizionda mübarizə aparan komanda hər fürsətdə Premyer Liqaya yüksəlmək istədiyini bildirirdi. Bəs, o zaman rəhbərlikli, baş məşqçili bu iddiada olan bir klub öz maliyyə durumunda xəbərsiz idi? Məgər Premyer Liqada oynamağın öz şərtlərinin olduğu bilinmirdi? Əsas çempionat üçün stadionun, infrasturkturun, heyətin hansı səviyyədə olması sirr deyil axı. İllərdir Premyer Liqa hədəfləyən bir komanda bu qədər aciz, zəif görünməməlidir.
Sözsüz ki, mövsümün başlanmasına bir neçə gün qalmış heyət də yığmaq olar, Bakıdakı stadionların birini götürüb ev sahibliyi etmək də. Ancaq bu, peşəkar bir klubun səviyyəsinə yaraşmayan idarəedicilikdir. İllərdir “Premyer Liqa, Premyer Liqa” deyib Region Liqası səviyyəsində olmaq boş hay-küydən başqa bir şey deyil. Siz bir müddət sonra tez-bazar heyətə 6-7 oyunçu cəlb edib “hazırıq” deyəcəksiniz. Ancaq bu, hazırlıq deyil, yola verməkdir.
Biz ölkə futbolunun inkişafı üçün çempionatda komanda sayının artırlmasını, idman prinsiplərinin qorunması ilə yanaşı, mövcüd klubarın da peşəkarlar tərəfindən idarəedilməsini tələb etməliyik. Sırf görüntü xatirinə say düzəltmək iddiasında olan bu cür gələcəyi bəlirsiz klubların ölkə futboluna verəcək heç bir şeyi yoxdur. Sabah mövsüm başlayandan sonra min bir bəhanə ilə “gec toplandıq”, “tam hazır deyilik” kimi fikirlər də yəqin indidən hazır vəziyyətə gətirilib. Bu yanaşma ilə, mövcud hazırlıqla Premyer Liqanı da həvəskarlar çempionatına çevirmək olmaz.
“Araz Naxçıvan”nın hazırkı durumunu, iddiasını, gücünü türklərin bir atalar sözü ilə ifadə etmək olar: “perşembenin gelişi çarşambadan bellidir”.
İdmanxeber.az

