Kateqoriyasız

“Bir uğurlu oyundan sonra göylərə qalxırıq” – Emin Mahmudov

“Bney Yehuda”ya iki oyunun nəticəsinə görə uduzaraq (2:2, 1:2) Avropa Liqası ilə vidalaşan “Neftçi”nin kapitanı Emin Mahmudov yenə ən yaxşılardan idi. Komanda yoldaşlarından seçilən yarımmüdafiəçi İsrailə gedən jurnalistlərə müsahibəsində həqiqətləri dilə gətirib.

– İlk növbədə azarkeşlərimizdən üzr istəyirəm. Çünki onlar bizi Bakıda da, burda da sonadək dəstəkləyirdilər. Oyuna gəlincə, bütün mübarizələri uduzduq. Uşaq səhvlərindən qollar buraxdıq, ön xətdə heç nə yarada bilmədik. Bu cür futbolla mərhələni keçməyi haqq etməmişdik.

– Amma əvvəlki mərhələlərdə belə deyildi. Nə dəyişdi?
– Yəqin psixologiyamız belədir ki, bir uğurlu oyundan sonra göylərə qalxırıq.

– Bu məğlubiyyətdən sonra çempionatda özünüzə necə gələcəksiniz?
– Mütləq özümüzə gəlməliyik. Çünki məğlubiyyəti həzm etməyə vaxtımız da yoxdu. Ötən mövsüm böyük xal fərqi yaratsaq da, qış fasiləsindən sonra “Qarabağ” demək olar bütün oyunlarda qələbə qazanıb, çempion oldu. Ümumiyyətlə, çempionatda hər oyuna tam məsuliyyətlə çıxmalıyıq. Nəhayət, mübarizə aparmalıyıq, meydanda gəzişməməliyik.

– Səncə, bu məğlubiyyətdə əsas səbəb Tula “Arsenal”ı üzərində qələbələrdən sonra arxayınlığın yaranmasıdı?
– Bilmirəm problem nədədi. Bəlkə qeyd etdiyiniz məqamın da rolu var. İki qol buraxdıqdan sonra ayılırıq və mübarizə aparmağa başlayırıq. Döyüşə ilk dəqiqədən başlamaq lazımdı.

– Yarımmüdafiənin mərkəzində tək qalmışdın: nə Mustivar sənə dəstək olurdu, nə də Kane. Cinahlar “yatmışdı”, Rauf da topsuz idi. Axı, ilk oyunun birinci 45 dəqiqəsindən dərs çıxarmaq olardı. Ancaq İsraildə də analoji ilk 45 dəqiqə izlədik.
– Tək cinahlar yox, bütün komanda yatmışdı. Özü də bu iki oyunda bənzər yalnız ilk 45 dəqiqələr yox, hər iki 90 dəqiqə oldu. Bəli, ilk matçdan sonra baş məşqçimiz bizə nə etməli, necə etməli olduğumuzu izah etmişdi. Təəssüf ki, onun dediklərinin heç birini yerinə yetirmədik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43