16 İyul 2026
Ölkə futbolu

“Bizim adımız var” – “Qarabağ”ı məyus edən futbolçu

“Kəpəz” cari mövsüm aldığı nəticələrlə futbol ictimaiyyətini təəccübləndirməyə davam edir. Gəncə təmsilçisi ilk turda doğma meydanda “Neftçi”ni məğlub etməyi bacarmışdısa, dünən də səfərdə “Qarabağ”dan bir xal aldı. Komandanın Ağdam təmsilçisinə qarşı apardığı mübarizə, ortaya qoyduğu xarakter təqdirəlayiqdir. Arada bu qədər səvviyə fərqi olmasına baxmayaraq, “sarı-göylər” rəqibinə qarşı sona qədər dirənməsi xal qazanmasına səbəb oldu.

Hesabda geri düşməsinə baxmayaraq, məğlubiyyətdən qurtulan Gəncə klubuna xal qazandıran qolu 19 yaşlı yarımmüdafiəçi Cavad Kərimov vurdu. Gənc oyunçu ilə bu oyun və qarşıdakı hədəflər barəsində danışdıq:

– Bakıya ciddi itkilərlə gəlmişdiniz. Rəqib isə güclü “Qarabağ” idi. Bu nəticəyə inanırdınız?

Biz hər oyuna qələbə üçün çıxırıq. “Qarabağ”ın güclü rəqib olduğunu bilirdik və buna görə də yaxşı hazırlaşmışdıq. Sevinirik ki, 1 xal qazana bildik. Qol vurduğum üçün isə ayrı bir sevincliyəm. Buna görə baş məşqçi Azər Məmmədova təşəkkür edirəm. Mənə güvəndi, şans verdi. Mən də onun etimadını boşa çıxarmadım.

Maraqlıdır ki, qol vursan da sevinci çılğın şəkildə qeyd etmədin. Bunun xüsusi bir səbəbi var?

Xarakterim belədir. Heç vaxt qol vuranda çılğın qeyd etmirəm. Öz içimdə sevinirəm, kənara yansıtmamaq istəyirəm. Çünki hər zaman daha yaxşını edirəm ki, qollarımın sayı artsın.

– Gözlənilmədən “Neftci” ve “Qarabag”la oyunlarda 4 xal əldə etdiniz. Her klubun oyunlardan önce bəlli proqramı, planı olur. Belə bir nəticə nə qədər gözlənilən idi?

İlk dörd tur çox çətin rəqiblərlə qarşılaşdıq. Amma deyim ki, daha çox xal yığa bilərdik. Keçən ilin mükafatçıları olan, avrokuboklarda çıxış edən komandalardan xal qazana bildik. Amma hələ heç nə bitməyib. Hər şey yeni başlayır. Qarşıda 32 oyun və qazanılası çoxlu xallar var. Mövsümü yaxşı yerlərdə bitirməyi hədəfləyirik. “Kəpəz” koklü komandadı. Bizim adımız var, hamıdan xal götürmək üçün meydana çıxırıq. Məqsədimiz ancaq qələbə qazanmaqdır.

– Ötəngünkü çıxışından sonra əsas heyətdə möhkəmlənə biləcəyini düşünürsən?

Bu, baş məşqçinin qərarıdır. Kimi oynatmaq lazım olduğunu özü yaxşı bilir. Mənim işim verilən şansdan maksimum yararlanmaqdır. Hər zaman çalışıram ki, əsas heyətə düşüm. 

– Qarşıda “Araz Naxçıvan” oyunu var. Bu matç barədə nə deyə bilərsən?

Çempionatda her oyun çətindir, ama bizim məqsədimiz yalnız qələbə qazanmaqdır. Bu həftə oyuna yaxşı köklənib, qalib gəlmək istəyirik. Evdə azarkeşlər önündə nəticə qazananda qələbə daha da gözəl olur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43