04 İyul 2026
Ölkə futbolu

Bu xəbər bir neçə klubu sevindirəcək – PFL-in yeni mövsümlə bağlı DAHA BİR İLKİ (ÖZƏL)

Misli Premyer Liqasında 2024/2025 mövsümü başa çatmaq üzrədi. Mayın sonunda Azərbaycan kubokunun final matçının ardından yeni mövsüm öncəsi fasilə yaranacaq.

Peşəkar Futbol Liqası artıq 2025/2026 mövsümünə yeniliklərlə start verməyi düşünür. Daha öncədən xəbər verdiyimiz kimi, PFL rəhbərliyi kubokda reqlamenti dəyişmək qərarına gəlib və yarımfinal matçlarına kimi baş tutacaq oyunlar bir görüşdən ibarət olacaq. Yalnız yarımfinal qarşılaşmaları ev-səfər prinsipi ilə keçiriləcək.

Məsələ burasındadı ki, çempionatı və kuboku keçirən qurum təkcə bu yeniliklə kifayətlənməyi düşünmür. PFL rəhbərliyi Azərbaycan kubokunda daha bir reqlament dəyişikliyinə getməyi düşünür. Avropa təcrübəsindən yararlanmaqda davam edən PFL yeni mövsümdən etibarən kubokun həlledici matçını Premyer Liqada (PL) mövsüm başa çatandan sonra yox, sona iki tur qalmış keçirmək niyyətindədi. 

Zaman-zaman bəzi klubların, futbolçuların haqlı iradları PFL-in bu yeniliyə də getmək haqqında düşünməsinə səbəb olub. Bununla da, Avropada olduğu kimi ölkəmizdə də kubokun final matçı PL başa çatdıqdan sonra deyil, çempionatın bitiminə 2 tur qalmış keçiriləcək.

Peşəkar Futbol Liqası bu qərarı 2025/2026-cı il mövsümündən etibarən Azərbaycan kubokunda tətbiq edəcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43