Layihə

Çempionatımızın azarkeş problemi (LAYİHƏ)

İdmanxeber.com saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində qalibi olduğu “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyasında yeni yazılara start verir. Budəfəki layihə çərçivəsində də ötəndəfəki kimi 12 yazı hazırlayacağıq. İlk yazımız ölkədəki azarkeş probleminə həsr edəcəyik.

Hamının bildiyi kimi futbolumuzun ən yaralı yerlərindən biri də azarkeş problemidi. Avrokubok matçlarını nəzərə almasaq, çempionat oyunlarına çox az azarkeş gəlir. Futbolu da azarkeş üçün oynayırlar. Təbii ki, azarkeşin oyunlara gəlməməsi klublara da təsir göstərir. Amma bu, Azərbaycanda o qədər də hiss edilmir. Çünki əksər ölkələrdən fərqli olaraq, bizdə klublar bilet satışından ciddi məbləğ əldə etmirlər. Və demək olar ki, “Neftçi”dən başqa heç bir klub bilet satışı həyata keçirmir.

İldən-ilə Premyer Liqada klub sayı azaldıqca, azarkeşlər də stadionlardan, tribunalardan, futboldan küsürlər. Yaxşı, fəaliyyətini dayandırmış klubların azarkeşlərini başa düşmək olar, bəs hazırda çempionatda çıxış edən klubların azarkeşləri stadionlara niyə gəlmir? Bu yazıda məhz bunun səbəbini araşdırmağa çalışacağıq.

Oyunların başlama saatı

Əksər azarkeşlər isə oyunu televiziya vasitəsilə izləyir, ya da ümumiyyətlə, izləmir. Bunun da bir neçə səbəbi var. Birincisi, bir çox azarkeş yalnız vacib matçları stadiondan izləmək istəyir və digər oyunlara gəlmir. İkincisi, oyunların vaxtı bəzən əlverişsiz olur. Təsadüfi deyil ki, PFL hər turdan öncə oyunların başlama saatını açıqlayanda azarkeşlər bundan şikayətlənirlər. Çünki əksər oyunların başlama saatı iş vaxtına düşür. Bu səbəbdən oyunlara, adətən, tələbələr, işsiz gənclərimiz və az da olsa yaşlı nəslin nümayəndələri təşrif buyurur.

Təhlükəsizlik işçilərinin işə həddindən artıq ciddi yanaşması

Ölkə çempionatında oyunlarda təhlükəsizliyi təmin etmək üçün ev sahibi komanda təhlükəsizliyi təmin etməlidi. Bu səbəbdən klublar hər zaman matç vaxtı stadiondakı təhlükəsizliyi təmin etməydə polislərin əməyindən yararlanır. Hətta bəzi oyunlarda komanda əsgərləri də stadiona cəlb edir. Azarkeşlər də belə hallarda özlərini rahat hiss etmirlər. Hətta dəfələrlə şahidi olmuşuq ki, azarkeşlər stadiondakı təhlükəsizliyi polisə, orduya yox, başqa işçilərə həvalə edilməsini istəyir. Əslində, azarkeşlərə də haqq qazandırmaq olar. Çünki Avropada və əksər xarici ölkələrdə bu işi polisə, orduya həvalə etmirlər. İstər-istəməz azarkeşin beynində fikir formalaşır ki, nəsə olsa, cəzalana bilərəm. Lakin azarkeş tribunada komandasına dəstək olmalıdı, stadionu yanırmamalı, rəqib azarkeşlərlə dalaşmamalıdı. Məhz belə hadisələr ucbatından stadionlarda güclü təhlükəsizlik tədbirləri görülür.

İntriqasız matçlar

Bildiyimiz kimi, ölkə çempionatında ötən mövsümdəki kimi bu mövsüm də 8 komanda çıxış edəcək. Bu da növbəti rəqabətsiz çempionat deməkdi. Əslində, rəqabətsiz demək o qədər də doğru çıxmır, amma təəssüf ki, ölkədə çempionluq uğrunda cəmi 2 və ya 3 komanda savaşır. Təbii ki, bu da çempionatı azarkeş üçün maraqsız edir.  Bu səbəbdən mövsüm boyu tribunada yalnız fanatları görmək mümkün olur. Futbol azarkeşləri isə yalnızca telekanallara və ya işinə köklənir.

Əslində, azarkeşlərin 8 komandalı çempionatımızı rəqabətsiz, zəif adlandırması öz günahlarıdı. Çünki komandalarımız heyətinə güclü legioner cəlb etməkdə çətinlik çəkirlər. Buna səbəb isə futbolçuların azarkeş qıtlığından şikayət etməsidi. Yerli futbolçularımız azarkeş amilini o qədər nəzərə almasa da, legionerlər üçün bu, çox önəmlidi.

Azarkeşlərin stadiona gəlməmə səbəbini daha yaxından öyrənmək üçün bir neçə tribuna lideri ilə əlaqə saxladıq. Həmin azarkeşlərin sadaladığı çatışmazlıqlarla bizim qeyd etdiklərimiz eynidi.

İlk olaraq əsas milli komandamızın “Sector 11” fan qrupunun rəhbəri Atanur Cəfərliyə bu barədə sual ünvanladıq. İllərdi tribunada olan Atanur azarkeşlərin oyunlara gəlməməsini bölgədə klubların qalmaması ilə əlaqələndirdi. Onun fikrincə, bölgədə nə qədər çox klub olsa, o qədər də çox azarkeş olar.

“Azarkeşlərin çempionat oyunlarına gəlməyi üçün Premyer Liqanın səviyyəsi yüksək olmalıdı. Çempionluq üçün iki yox daha çox komanda mübarizə aparmalıdı və ən əsas bölgə futbolu inkişaf etməlidi. Təsəvvür edin, “Səbail”in oyunlarında nə azarkeş ola bilər ki? İki ildi yaranan komandadan azarkeş gözləməyə dəyməz. Amma əvəzində “Turan Tovuz” olsaydı hər oyun Tovuzda minlərlə azarkeş olardı. Bu yaxınlarda Binədə Həvəskarlar Liqasının oyununda oldum. Orda olan azarkeş heç Premyer Liqada oyununda olmur. Baxmıyaraq ki, Binə bölgə sayılmır, Bakıətrafıdı. Ancaq komandanın adına görə orda yaşayan binəlilər tribunaya gəlib dəstək olurlar. Digər səbəblərdə polis və oyunun başlama vaxtlarıdı. Həftəiçi və günorta saatlarında başlayan oyunlar da azarkeşləri stadiona gəlməsinə mane olur”.

“Qəbələ”nin “Red Black Army” fan qrupunun təsisçisi Cavad Şərifli isə açıqlamasında əsasən hakimlərdən və oyun saatlarından gileyləndi. Onun sözlərinə görə, klublarımız azarkeşləri stadiona cəlb etmək üçün hansısa planlar hazılamalıdı, tədbirlər keçirməlidi.

“Azarkeşlərin tribunaya gəlməməsi üçün nə lazımdırsa, edirlər. Anormal təyin olunan oyun saatları, qeyri-peşəkar hakimlər, azarkeşi hərtərəfli sıxan polislər, hava şəraitinin əlverişsizliyi, üstüaçıq stadionlar… Bütün bunlar stadiona gəlməmə səbəblərindən biridi. Klublarımızın bir neçə klubumuzdan başqa heç biri azarkeşləri stadiona cəlb etmək üçün heç bir tədbir görmür.

Deyirsiz ki, bəzi azarkeşlər tribunadan soyuyur. Həmin o soyuyanlar tamaşaçılardı, azarkeş/fanat deyil. Onların tribunalardan soyuma səbəbi isə fikrimcə, maraqsız oyunlar və hakimlərin qərəzli qərarlarıdı. Klublar fanat qazanmalıdı. Ordan-burdan tapılan tamaşaçı yox. Klublar özlərini aldatmasınlar. Azarkeşləri tribunaya cəlb etmək üçün planlar hazırlamalıdılar”.

Burdan belə qənaətə gəlmək olar ki, yuxarıda sadaladığımız problemləri azarkeşlər həqiqətən də, yaşayır və yaxın gələcəkdə də bunlar yoluna qoyulmasa, tribunalar belə durumda qalacaq. Bu da Azərbaycan futbolunun inkişaf etməsinə mənfi təsir göstərən amillərdən biridi. Ən əsası isə bölgə futboluna şərait yaratmaq lazımdı. Hər kəs bilir ki, Tovuz, Lənkəran, Gəncə azarkeşləri ölkədə ən böyük futbol azarkeşi kütlələrindən biri olub. Hazırda lənkəranlı azarkeşlər klubsuz qalıb, amma digərləri fəaliyyətdədi və ev oyunlarında  stadionu maksimum doldurmağı bacarırlar. Ümid edək ki, tezliklə futbolumuzu vətəndaşlarımız sevəcək və stadionları dolduracaqlar.

İlkin İsmayılzadə

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43