“Hesabda öndə idik. Amma bir neçə futbolçuda güc qutardı. Əsas heyətdən səkkiz oyunçumuz yox idi. Komanda meydanda pis görünmürdü. Çalışdıq ki, bu heyətlə cütün taleyini cavab matçına daşıyaq. Hər halda, cütün taleyi Bakıda həll olunacaq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Qəbələ” ilə kubokun yarımfinal matçından sonra deyib.
Komandası 2:3 uduzan çalişdırıcı daha sonra sözlərinə bunları əlavə edib:
“Hər iki komandanın şansı var. Komandam qolları təsadüfən vurmadı. Həmin qolları qazandıq. Zəhmət çəkdilər. Kizito da qol vursaydı, hesab 3:1 olacaqdı və tam başqa cür oyun gedəcəkdi. Bəzi futbolçuları qoruduq. Üçüncü qolu vurmaq istəyirdik. Fikirləşirdik ki, “Qəbələ” irəli atılsın, biz də onları əks-hücumda tutaq. Çətinliklə qol vurub, qapımızda asanlıqla qol görürük. Sadə qollar buraxırıqsa, problemdir. Amma futbol oynamağı bacaran komandayıq”.

