08 İyul 2026
Ölkə futbolu

Ədalətiniz varsa…

AFFA növbəti mövsümdən Premyer Liqaya gələcək klublara bir illik möhlət verəcəyini açıqlayıb. I Liqadan elitaya yüksələcək komandalara infrastuktur və digər problemlərini həll etmək üçün bir il güzəşt ediləcək.

Əlbəttə, Premyer Liqaya iddialı klubların şəraiti də yüksək səviyyədə olmalıdır. Nəzərə alaq ki, APL-ə gələcək yeni komandalar bölgə təmsilçiləri olacaq.

Onların infrastuktur məsələsini həll etməsi həm də regionlarda futbolun inkişafına yol aça bilər. İllərdir futbolun bölgələrə yayılması deyiləndə nəzərdə tutulan da elə bu idi. İlk baxışdan AFFA-nın bu qərarında doğruluq payı görülür. Ancaq məsələyə geniş baxmaqda fayda var. Doğurdanmı federasiya rəhbərliyi bu məsələyə önəm verir? Futbolun bölgələri yayılması onlar üçün çoxmu önəmlidir?

Əgər elədirsə, bu gün I Liqadan gələcək klublardan tələb edilənlər niyə 3 ildir Premyer Liqada çıxış edən “Araz Naxçıvan”dan istənilmir? Naxçıvan kimi böyük bir bölgəni təmsil edən klub 3 ildir niyə Bakıda oynayır? Bu müddətdə kluba dövlətdən 9 milyon manat ayrılıb. Nə üçün? Bu vəsait hər mövsüm heyətə 7-8 legioner gətirib yalandan avrokuboklara oynamaq üçün verilmir axı. Bunun Azərbaycan futbolunun gələcəyinə hansı faydası olacaq? Dövlət bu vəsaiti ölkə futbolunun inkişafı üçün ayırıb. Naxçıvan kimi bir bölgəni təmsil edib bir dəfə də olsun ora üz tutmamaq, həmin şəhərdə futbol üçün heç bir addım atmayan kluba niyə heç bir xəbərdarlıq edilmir? Axı Rövşən Nəcəf AFFA rəhbəri seçiləndə infrastuktur məsələsinə xüsusi diqqət edəcəyi bildirilirdi.

Ancaq nə işdirsə, 3 ildir “Araz Naxçıvan”ın Bakıda qalması, həmin bölgədə heç bir işin görülməməsi AFFA rəhbərliyini narahat etmir. Bu komanda da I Liqadan gəlmişdi. Əgər federasiya rəhbəri ədalətlidirsə, növbəti mövsüm elitaya yüksələcək digər komandalar kimi onlara da vaxt verməli idi.

Amma görünür Rövşən Nəcəf hansısa səbəblərə görə “Araz Naxçıvan”ın xətrinə dəymək istəmir. Əvəzində qətiyyətliliyini illərdir APL-dən uzaq olan fağır bölgə klublarına göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43