Dünya futbolu

FIFA-ya məktub ünvanlandı: bu milli dünya çempionatından kənarlaşdırılsın

Çili Futbol Federasiyası FIFA-ya müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, qurum Ekvador millisinin futbolçusu Bayron Kastilyonun əslində kolumbiyalı olması və saxta pasportla oynaması barədə iddia irəli sürüb. Federasiya bu səbəbdən sözügedən ölkə yığmasının 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmasını istəyir.

Sübut kimi ali futbol qurumuna qeydiyyat sənədləri, o cümlədən doğum haqqında şəhadətnamələr təqdim olunub. İddiaya görə, 24 yaşlı hücumameylli yarımmüdafiəçi şəxsiyyət vəsiqəsində göstərilən tarixdən 3 il öncə Kolumbiyada anadan olub.

Çili Futbol Federasiyasının prezidenti Pablo Milad bildirib ki, topladıqları bütün faktlar olduqca ciddidir və FİFA hərtərəfli araşdırma aparmalıdır: “Biz həmişə ədalətli oyun prinsiplərinə hörmətlə yanaşmışıq və ümid edirik digər federasiyalar da bu cür davranır”.

Federasiya tələb edir ki, Ekvador millisinə gənc vingerin oynadığı səkkiz seçmə mərhələ oyununda texniki məğlubiyyət verilsin. FIFA bu təkliflə razılaşsa, o zaman Çili millisi dünya çempionatında Ekvador yığmasının yerini tutacaq.

Qeyd edək ki, Ekvador Cənubi Amerika üzrə seçmə mərhələni dördüncü pillədə başa vurub. Çili isə altıncı yerdə qərarlaşıb və dünya çempionatına vəsiqə qazana bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43