08 İyul 2026
Ölkə futbolu

“Futboldan getmək çətindir” – Rahid Əmirquliyev

Ötən mövsümü “Səbail”də keçirən Rahid Əmirquliyevin idmanxeber.az saytına müsahibəsi

-Ötən mövsümü “Səbail” üçün necə dəyərləndirərdin?

Sonu yaxşı bitsə də, ümumən istədiyimiz kimi keçmədi. Sevindirici tərəfi odur ki, Premyer Liqada qala bildik. Ancaq çempionat başlamamışdan əvvəl hədəflərimiz böyük idi. Təəssüf ki, pis çıxış etdik, Premyer Liqanı 9-cu pillədə bitirdik. Bu, “Səbail”ə yaraşmadı. Biz daha yüksək yerlər üçün oynamalıyıq. Ölkə kubokunda yarımfinala çıxsaq da, orda da məğlub olduq. Ümumi götürsək, mövsümü çox pis başa vurduq.

-Mövsümün ikinci yarısında demək olar ki, sənə çox az şans verildi…

Çempionatın ilk matçlarında oynamasam da, sonradan meydanda olurdum. Mövsümün ikinci hissəsində baş məşqçi dəyişikliyi oldu. Bundan sonra demək olar ki, oynamamışam. Cəmi iki oyunda mənə şans verilib. Bu, baş məşqçinin qərarı idi. Şans verilməsə də, hörmətlə yanaşıram. Oynamayanda formada qalmaq çox çətindir. Üstəlik yaş getdikcə daha da ağır olur. Stabil oynamayanda formada qala bilmirsən. Futbolda belə şeylər olur. Ona görə də hər qərara hörmətlə yanaşmaq lazımdır.

-Klubla müqavilən başa çatıb. Lakin hələlik bir yenilik yoxdur. Gələcək karyeranla bağlı planların nədir?

Bəli, “Səbail”lə sözləşməm bitib. Hazırda istirahətdəyəm. Necə olacağın özüm də dəqiq bilmirəm. Karyeramı davam etdirib-etdirməyəcəyim bəlli deyil. Buna yaxın günlərdə qərar verəcəm. “Səbail” rəhbərliyi ilə görüşümüz olacaq. Hər şey ondan sonra bilinər. Görək, tələblərimiz üst-üstə düşəcəkmi. Yalnız bundan sonra yekun nəsə demək olar. 

-Bizdə olan məlumata görə, “Səbail” sənə bir neçə variant təklif edib. Belə çıxır ki, müqavilə yeniləmək niyyətində deyillər…

Bunları ancaq saytlardan oxuyuram. Yenə deyirəm, yekun bir nəticə yoxdur. Rəhbərliklə görüşməmişəm. Baş məşqçi Şahin Diniyevlə də söhbətimiz olmayıb. Hələ nə olacağını bilmirəm. 

-“Səbail” səninlə müqavilə yeniləməsə, onların iş təklifini qəbul edəcən?

Əlbəttə, hər futbolçu oynamaq istəyir, karyerasını uzatmaq niyyətində olur. Futboldan getmək çətindir. Mən də həmçinin oynamaq istəyirəm. Fikirləşirdim ki, bir il də oynayıb sonra gedərəm. Ancaq işin başqa tərəfi də var. Həyat hər zaman istədiyin kimi getmir.  Hər oyunçunun karyerasının sonu olmalıdır. Müqavilə məsələsini də rəhbərliklə görüşüb sonra biləcəm. Oynamaq istəyirəm. Ancaq real bir təklif yoxdu. 

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43