AFFA Region Liqasında finala yüksələ bilməyən “Göyəzən” üçüncü yer uğrunda matça hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Qazax təmsilçisinin futbolçuları “Turan Tovuz” klubunun geyimləri ilə Qəbələyə yollanıb.
“Göyəzən”in “Turan Tovuz” klubunun üst geyimləri ilə Qəbələyə getməsi səbəbsiz deyil. Belə ki, yeni mövsümdən etibarən komandanın əsas maliyyə mənbəyi Tovuz təmsilçisi olacaq. Qərb klubunun əsas heyətində oynamaq imkanı olmayan futbolçular “Göyəzən”də top qovacaq. Əvəzedicilərin liqasının ləğvi “Turan Tovuz” rəhbərliyinin belə bir addım atmasını şərtləndirib.
Qısacası, “Göyəzən” “Turan Tovuz”un ikinci komandası funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Göyəzən” üçüncü yer uğrunda “Ağstafa gənclər”i ilə münasibətlərə aydınlıq gətirəcək.
Fərid Nəsibov


