Kateqoriyasız

“Heç bir klubdan təklif almamışam” – “Zirə”nin legioneri

“Zirə”nin müdafiəçisi Ruan Renato İdmanxeber.az saytına müsahibə verib. Təcrübəli futbolçu komandanın hazırlığını və ilk dövrədəki çıxışı dəyərləndirib. Renato “Zirə”nin axsayan tərəfindən də söz açıb.

– Əvvəlcə komandanın hazırlığı barədə danışardın. Təlim-məşq toplanışı necə keçir?

Hər şey qaydasındadır. Fasilədən mümkün olduğu qədər faydalanmağa çalışırıq. İntensiv məşqlər davam edir. Mövsümün ikinci yarısında tam hazır olmalıyıq. Çünki qarşıda bizi çətin oyunlar gözləyir.

– Bəzi klublarımız hazırlıq üçün Antalyaya getsə də, siz Azərbaycanda qaldınız. Bunun sizin üçün hansısa fərqi var?

Hava şəraitinin müəyyən çətinlik yaratmasına baxmayaraq, məşqlərimiz normal gedir. Yüksək səviyyədə çalışırıq. Bakıda da yaxşı hazırlanmaq olar. Yoxlama görüşləri də keçiririk. Bunlar çempionatın ikinci yarısı üçün faydalı olacaq. Fiziki gücümüzün yüksəlməsi üçün fasilədə keçirilən oyunlar vacibdir.

– “Zirə” mövsümə yaxşı başlamışdı, ikinci yarıda da eyni start gözlənilir?

Ümid edirəm ki, olar. Artıq komandalar bir-birilərini yaxşı tanıyır. Bu, müəyyən çətinlik yaradacaq. Amma ilk dövrədə gördük ki, yaxşı başlanğıc vacibdir. Elə məşqləri də bunu təkrarlamaq üçün edirik. Yaxşı futbolla qələbələrə davam etməliyik.

– Mövsümün ilk yarısında sizin üçün çətin olan nə idi? Əsas çatışmazlığı nədə görürdün?

Heyətə çoxlu oyunçular cəlb edilmişdi. Yeni komanda qurmaq asan deyil. Bəzi çətinliklərimiz olur. Xüsusilə də hücüm xəttində problemlər görülürdü. Hücumları inkişaf etdirməkdə, tamamlamaqda bir sıra çətinliklər çəkdik. Artıq bunun olmayacağına inanıram. Yeri gəlmişkən, Rafael Utziq də bizə qoşulub. Onun gəlişi komandanın hücum xəttini gücləndirəcək. Elə hazırda məşqlərdə hücumların yaxşı tamamlanması üçün çalışırıq. Müdafiə xəttindəki stabilliyi də qoruya bilsək, uğurlu oyunlar keçirəcəyik.

– Rafael Utziqlə ötən mövsüm “Qəbələ”də çıxış etmisiniz. “Zirə”yə gəlmədən öncə səninlə söhbəti oldu?

Klubun onunla maraqlandığını bilirdim. Ancaq qərarından öncə Rafaellə söhbətim olmayıb. Bura gəlməyə razılıq verdikdən sonra onunla danışdıq. Onu təbrik etdim, çox düzgün qərar verdi. Biz də Utziqi yaxşı qarşıladıq. Ona qısa vaxtda adaptasiya olması üçün hamımız kömək edəcəyik. O, yüksək səviyyəli və yaxşı keyfiyətlərə malik futbolçudur. Burada uğur qazanacağına inanıram. 

– Ötən mövsüm avrokuboklara vəsiqə qazandığınız “Qəbələ” indi sonuncu yerdədir. Bu sənin üçün nəsə ifadə edir?

“Qəbələ”də çox yaxşı iki mövsüm keçirmişəm. Mübarizə aparan, güclü heyətimiz var idi. Ancaq indi o futbolçuların hamısı komandanı tərk edib. Bunun bir sıra çətinlikləri olmalı idi. Çünki bütün heyəti dəyişmək risklidir. Yeni oyunçuların tam formalaşması üçün isə zamana ehtiyac var. Ancaq “Qəbələ” Azərbaycanda ən yaxşı futbol ənənəsinə malik klublardan biridir. Rəhbərlikdə səriştəli, bu işi yaxşı bilən insanlar çalışır. Mövsümün ikinci yarısında düşdükləri bu durumdan çıxacaqlarına inanıram. 

– Mövsümün ilk yarısını çox yaxşı keçirdin. Başqa klublardan təkliflər var?

Açığı, başqa klublarla bağlı heç nə düşünmürəm. Heç bir komandadan təklif gəlməyib. Hazırda yalnız “Zirə”nin uğurları üçün çalışıram. Burada olduğuma görə xoşbəxtəm. Komandaya hədəfləri üçün kömək etməyə çalışıram. “Zirə” heyətindəki futbolçulara dəyər verir. Ona görə də öz işimizə köklənmişik. 

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43