Müsahibə

“İki metrdən qapıya düşə bilmirdik” – Maksim Medvedev

Azərbaycan Premyer Liqasının ilk turunda “Keşlə”ni 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev oyundan sonra jurnalistlərə müsahibə verib.
İdmanxeber.az xəbər verir ki, 29 yaşlı müdafiəçi öncə oyunla bağlı danışıb:
– İlk oyun həmişə gərgin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, Avropa Liqasında da oyunumuz var. Belə oyunlar çətin olur həmişə. İşimizin öhdəsindən gəldik, oyundan qələbə ilə ayrıldıq. Belə oyunlarda hesabın fərqi yoxdur. İmkanlarımız var idi. Qollarımızdan biri oyundan kənar vəziyyətə görə sayılmadı. Epizodun təkrarına heç baxmamışıq, bilmirik. Oyuna nəzarət edirdik. İkinci hissədə də şansları qaçırdı. Mövsümün ilk oyunu idi. Yaxşı start vacib idi.
– Qolu rəqib azlıqda qalandan sonra vurdunuz. Bunun təsiri oldu?
– Onlar 11 nəfərlə olanda da nizam-intizamı qoruyub saxlayırdıq və belə də davam edəcəkdi. 10 nəfər qalanda isə hamı qırmızı vərəqə alan futbolçunun əvəzinə artıq yerə qaçmalı olur. Bu da işimizi asanlaşdırır. Arxa xəttə o qədər də təzyiq gözləmirdik. “Keşlə” azlıqda qalancan sonra cəmi bir qol vurduq.
– APOEL-lə oyuna qayıdaq. Nə üçün pley-offa yüksələ bilmədiniz?
– İlk oyunda rəqibi məğlub etdik. İkinci oyuna baxanda isə açığı, birinci görüşdə daha yaxşı çıxış etmişdik. Epizodlarda və digər amillər xeyrimizə oldu, amma təəsüf ki, bizə iki qol vura bildilər. Futbol belədir, hər zaman yaxşı oynayan qalib gəlmir.
– Bəxtsizlik var idi?
– Sözün açığı, o da var idi. Analoqu olmayan şeylər var idi: iki metrdən qapıya düşə bilmirdik. O gün bizim günümüz deyildi. Bu gün də 10 epizodumuzu dəyərləndirə bilmədik.
– Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaqsınız. Çoxları düşünür ki, Şimali İrlandiya klubunu asanlıqla keçəcəksiniz.
– Qətiyyən belə söhbət ola bilməz. Bizim itkilər var. Dəyərli futbolçularımız oynamayacaq. Kim indidən deyir ki, “Linfild”i keçəcəyik, səhv edir, elə şey ola bilməz. Səfərə gedirik, 7 saatlıq yol var. Onların meydanı, azarkeşləri, soyuq hava bizim üçün münasib olmayacaq. İlk oyunu maksimum keçirməliyik ki, Bakıdakı oyunda itkilərimiz bizə kömək etsin.
– Bu oyunu mərkəz müdafiəçisi mövqeyində keçirdin. “Linfild”lə oyunda da belə olacaq?
– Bu, baş məşqçiyə aid sualdır. Ola bilər ki, gələn oyunda belə hal yaşansın. Çoxdandır bu mövqeydə oynamırdım. Ola bilər ki, baş məşqçinin fikri belə idi və bu addımı atıb.
– Mahir Əmrəlinin adı transfer bazarında hallanır. O, xaricə getməlidir?
– İstərdim ki, Mahirin gələcəyi parlaq olsun, güclü klubda çıxış etsin. Bu gün Mahir “Qarabağ”a lazımdır. İnanmıram ki, bir il ərzində bizi buraxıb getsin. İrəlidə ən çox fayda verən futbolçulardan biri Mahirdir.
– Maqaye Qeye uyğunlaşa bilir?
– Ona bir az uyğunlaşmaq üçün vaxt lazımdır. Bəzi şeylər hələ onunla alınmır. Məşqçilər fiziki və psixoloji baxımdan onunla daim işləyir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43