Layihə

“İnter”in siftəsi, qarşısıalınmaz “Zirə” və rəqibsiz “Qarabağ” – LAYİHƏ

FFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı yeddinci yazısı.

2017/2018 mövsümü start götürən Azərbaycan Premyer Liqasında artıq III tur geridə qalmaqdadı. Baş tutan qarşılaşmalardan sonra artıq iddialı və iddasız kollektivlərin hansılar olacağı məlumdu. Əvvəlki iki turdan fərqi olaraq bu həftə cari mövsümün ilk heç-heçəsi qeydə alındı. 4 oyuna qapılara cəmi 8 qolun vurulduğu turda səfərdə qələbə qazanan komanda olmadı. Bu tur həmçinin cari mövsüm üçün azarkeş sayının ən çox olduğu tur kimi də yadda qaldı. Belə ki, ilk iki həftə ərzində stadiondan oyunları müvafiq olaraq 7256 və 6300 tərəfdar izləmişdisə, bu dəfə bu rəqəm 8100-ə çatdı. Şübhəsiz oyunlar sırasında ən çox azarkeş turun mərkəzi görüşünü izləməyə gəlmişdi. Söhbət 4200 nəfərin “Azərsun Arena”da “Qarabağ” – “Qəbələ” matçını izləməsindən gedir. Təbii ki, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması da, azarkeş sayına təsirsiz ötüşməmişdi. Antirekord isə ilk həftədə olduğu kimi yenə “İnter ARena”da qeydə alındı. “Səbail”i doğma meydanda qəbul edən “İnter”in görüşü cəmi 1000 nəfər üçün maraqlı olub.

“İnter”in siftəsi…

Yeri gəlmişkən, elə III tura “İnter Arena”da start verildi. İlk iki turda müvafiq olaraq “Qəbələ” və “Qarabağ” kimi iddialılara uduzan “İnter”in bu həftə nəhayət ki, üzü güldü. Öz meydanında “Səbail”lə qarşılaşan Zaur Svanadzenin komandası görüşə fırtına kimi başladı. Bunun nəticəsi olaraq artıq 4-cü dəqiqədə “bankirlər” tablonu işə saldı. Pərdis-Fərcad Azadın məhsuldar ötürməsinən sonra topu saxlamadan çərçivəyə göndərən Nizami Hacıyev  “Səbail”i oyuna mərkəzdən başlamağa məcbur etdi. Hacıyevin zədə səbəbindən ilk iki turda meydana çıxmamasını da qeyd etmək yerinə düşərdi. Bu qoldan sonra “ağ-göylər”in təzyiqi daha da artıracağı gözlənilsə də,görüşün qalan dəqiqələri ərzində “Səbail”in hücumları çoxluq təşkil etməyə başladı. Qonaqlar bir neçə vəziyyətdə bərabərlik qoluna yaxın olsa da, son nəticədə hesaba tarazlıq gəlmədi. Görüşün daha bir yadda qalan məqamı isə 63-cü dəqiqədə “İnter”in mərkəz müdafiəçisi Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan qovulması idi ki, bu da Samir Əliyevin komandasının işini asanlaşdırmağa yardımçı olmadı. Quliyevin meydandan qovulması, cari mövsümün ilk qırmızı vərəqəsi kimi yaddaşlara həkk olundu.



Siftələri bölənlər…

“İnter” – “Səbail” matçının ardınca diqqətlər “Bakcell Arena”ya yönəldi. Bir vaxtlar ölkə çempionatının ən öməli görüşü hesab olunan, tarixi derbi kimi yaddaşlarda qalan “Neftçi” – “Kəpəz” oyunu turun ikinci qarşılaşması idi.  Mövsümə uğursuz başlayan hər iki kollektivin dueli az maraq doğurmurdu desək, hər halda yanılmarıq. Çünki hər iki kollektivin azarkeşləri rəqibinin  uğursuzluq zolağında olması səbəbindən səbrsizlə sevimli komandalarının ilk 3 xalını gözləyirdi. Bu həm də “Səbail”lə görüşdən sonra istefa verən Elxan Abdullayevin yerinə müvəqqəti baş məşqçi postuna təyin olunan Elşad Əhmədovun “Neftçi”nin postunda ilk sınağı idi. Oyuna gəldikdə, görüş “Kəpəz”in  heyətində Viktor Osekeylın uzaqdan qüvvətli zərbəsi ilə start götürdü. Daha sonra “Neftçi”nin heyətində Rəhman Hacıyevin dirəkdən dönən topu yerl azarkeşləri həyəcanlandırdı. Görüşün gedişində rəqib qapısında dəfələrlə təhlükəli qol vəziyyətləri yaradan “ağ qaralar” oyunda diqtə edən tərəf idi. Qarşılaşmanın axarında qonaqları bəzi epizodlarda qapı tiri də qoldan xilas edirdi. Yaranan çoxsaylı qol vəziyyətlərinə baxmayaraq Elşad Əhmədov və yetirmələrinin ilk qələbə istəyi yenə ürəyində qaldı. “Kəpəz”in isə bu mövsüm aşkar autsayder olacağı danılmaz faktdı.



Qarşısıalınmaz “Zirə”…

Turun digər görüşlərindən biri  Zirədə reallaşdı. Yerli “Zirə”nin “Sumqayıt”ı qəbul etdiyi görüş ev sahiblərinin qələbəsi ilə sonuçlandı. Əvvəlki iki turda qələbələri sıralayan, ümumilikdə rəqiblərinin torunu 5 dəfə havalandıran  və qapısında cəmi 1 top görən qəsəbə təmsilçisi aktivinə yazdırdığı növbəti 3 xalla maksimum nəticəyə imza atan iki komandadan biri olmağı bacardı. Açılış həftəsində “Kəpəz” üzərində qazandığı yeganə qələbə ilə öyünən sumqayıtlılar isə ardıcıl ikinci məğlubiyyətə üzüldü. Əvvəlki oyunlardan fərqli qapıda Fərhat Vəliyevin əvəzinə Mehdi Cənnətova şans verən “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun seçimində yanıldığını söyləsək, yanıılmamış olarıq. Belə ki, buraxılan ilk qolda və müəyyən oyun epizodlarında qabarıq şəkildə səhvləri görünən Cənnətovun “Sumqayıt”ın gecəsini Cəhənnəmə çevirdi. Son nəticədə 3:1 hesablı qələbəyə sevinən “Zirə” xallarının sayını 9-a çatdırdı.



Rəqibsiz “Qarabağ”…

Son 3 ilin dəyişilməz çempionu “Qarabağ” eyni uğuru təkrarlamaq yolunda inamlı addımlar atmaqda davam edir. İlk iki turu itkisiz başa vuran ağdamlılar, UEFA Çempionlar Liqasında “Kopenhagen” qalibiyyətinin də yorğunluğuna baxmayaraq növbəti qələbəsini qazanmağı bacardı. “Azərsun Arena”da qonaq olan “Qəbələ” də əvvəlki həftələrdə ancaq qələbəyə sevindiyindən, görüş olduqca maraqla gözlənilirdi. Fasiləyə qədər tablonun hərəkətə gəlmədiyi oyunda sükut ikinci yarıda pozuldu. Qitənin ən nüfuzlu klub turnirindəki çıxışı ilə də gözoxşayan gənc Mahir Mədətov başla qonaqların çərçivəsinə yol tapdı. Ancaq Qurban Qurbanov və yetirmələrinin sevinci çox çəkmədi ki, Stiven Monroz “köhlən atlar”ın müdafiəsindəki boşluqdan maksimum istifadə edərək status-kvonu bərpa etdi. Bu qol, eyni zamanda Monrozun Azərbaycan Premyer Liqasında vurduğu ilk qol idi.  Bununla belə “qırmızı qaralar” üçün məğlubiyyət qaçınılmaz oldu. İlk qolun müəllifi olan Mədətov rəqibindən ustaca sıyrılaraq topu Miçelə göndərdi. Sonuncu üçün isə “yumşaq mərmi”ni çərçviyə yollamaqda çətinlik çəkmədi. Son nəticəni müəyyənləşdirən ispan futbolçu “Qarabağ”ın 2:1 hesablı qələbəsində əsas oay sahibi olub.



Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43