İdman

Kamran Ağayevin yeni klubu ilə müqavilə imzalayacağı vaxt məlum oldu

Bir neçə gün öncə Çexiyanın “Mlada” klubuna keçəcəyi ilə bağlı məlumat yayılan Kamran Ağayevin müqaviləyə imza atacağı vaxt müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, futbolçu dünən Çexiyaya yollanıb. Elə həmin gün klubun bazası ilə tanış olan milli komandamızın qolkiperi sabah tibbi müayinədən keçəcək. O, müayinədən sonra məşqlərə başlayacaq.

Məlumata görə, klub qolkiperimizin komandaya cəlb edilməsində israrlıdı. Son qərarı isə Ağayevin özü verəcək. Əgər Ağayev tibbi müayinədən uğurla keçsə, sabah müqaviləyə imza atacaq. Daha sonra isə futbolçunun təqdimetmə mərasimi və mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, son olaraq Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Ağayev bir müddətdir ki, klubsuzdu. Ona “Neftçi” klubundan təklif gəlsə də, keçid baş tutmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43