Layihə

LAYİHƏ: Maksimum yararlananlar

Klublarımız Premyer Liqada yaranmış fasilədən  maksimum dərəcədə yararlanmağa çalışır.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın “DÇ-2018”dəki  seçmə oyunu səbəbindən hazırda çempionatda fasilədi və yaranmış bu boşluqdan klublarımızın bir neçəsi istifadə edərək yoxlama matçlarında qüvvəsini sınayırlar.

"Qarabağ"

Ölkəmizi Avropa Liqasında təmsil edən Qurban Qurbanovun başçılıq etdiyi “köhlən atlar” gücünü divizon təmsilçisi ilə sınayacaq. Ölkə çempionu I divizion təmsilçisi “Zaqatala”nı sınağa çəkəcək. Bu görüş sentyabrın 1-də baş tutacaq. Bunu Qurbanovların dueli kimi də qələmə vermək olar. Belə ki, “Zaqatala” klubunun prezidenti Musa Qurbanov “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun qardaşıdı.

"Qəbələ"

Avropa Liqasındakı digər təmsilçimiz "Qəbələ" də yaranmış fasilədə boş dayanmaq niyyətində deyil. Roman Qriqorçuk komandasını yoxlama matçında sınamaq niyyətindədi. Klubdan saytımıza verilən məlumatda bildirilir ki,  "qırmızı qaralar" da yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqibin isə kimliyi hələ ki, açıqlanmır.

"İnter"

Çempionluqa iddialı “İnter” isə Gürcüstana üz tutub. “Bankirlər” fasilədə bu ölkədə təlim-məşq toplanışı keçməklə yararlanmaq istəyir.  Sentyabrın 2-də vətənə dönəcək Zaur Svanadzenin yetirmələri avqustun 28-də "Samtredia", sentyabrın 1-də isə "Tsxinvali" ilə yoxlama matçında üz-üzə gələcək.

"Zirə"

“Zirə” isə artıq fasilədə ilk yoxlama matçında qüvvəsini sınayıb. Adil Şükürovun rəhbərlik etdiyi komanda I divizion təmsilçisi “Şərurspor”la qarşılaşıb. “Qartallar” ilk hissədə vurduğu 4 qolla rəqibini darmadağın edərək qələbə qazanan tərəf olub – 4:0.

AZAL

Tərlan Əhmədovun baş məşqçisi olduğu AZAL da ilk sınaq oyununa çıxıb. “Təyyarəçilər” 21 yaşadək futbolçulardan ibarət yığma komandamızla qarşılaşıb. Tərəflərin səylərinə baxmayaraq 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. AZAL növbəti yoxlama oyununu avqustun 30-da saat 18:00-da "Kapital Bank Arena"da “Sumqayıt”a qarşı keçirəcək.

"Kəpəz"

Premyer Liqanın yeni mövsümünə heç də yaxşı start verməyən “Kəpəz” hazırlıqlarını Bakıda davam etdirir. Gəncə klubu ilk yoxlama matçı çərçivəsində U-21 milli komandamızla qarşılaşacaq.

"Sumqayıt"

“Sumqayıt” isə ilk yoxlama matçını avqustun 30-da keçirəcək. Samir Abasovun yetirmələri həmin gün doğma meydanda AZAL-ın müqavimətini qırmağa çalışacaq.

"Neftçi"

Məşqlərini Bakıda davam etdirən “Neftçi”nin isə yoxlama matçında qüvvəsini sınayıb-sınamayacağı hələ ki, bəlli deyil.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43