“Qarabağ”ın qolkiperi Andrey Lunyov Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Molde” ilə oyunundan sonra jurnalistlərə açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, rusiyalı qapıçı qələbəyə layiq olduqlarını bildirib. O, öz performansı barədə də danışıb:
“Rəqibi yaxşı analiz etmişdik, necə oynadıqlarına baxmışdıq. Prinsipcə, təəccüblü heç nə yox idi. Bizim komanda yaxşı oynadı. Matçda diqtə edən tərəf idik, qol epizodlarımız da çox idi. Əsas odur ki, qələbə qazandıq. Azarkeşlərə sevinc bəxş etdik. Əgər bu cür intizamlı, peşəkarcasına oynasaq, şanslar çox olacaq. Hər şey özümüzdən asılıdır.
Oyunda mənimlə bağlı epizod çox yox idi. Ümumi götürsək, normal alındı. Uzun müddət rəsmi matçlarda meydana çıxmamışdım. Fasilə yaranmışdı. “Molde”nin qolkiperi də yaxşı oynadı. Bir neçə dəfə komandasını qoldan xilas etdi”.

