Ölkə futbolu

“Mükafat müzakirəsi süni şəkildə yaradılır” – Elxan Məmmədov

AFFA-nın baş katibi milli komandanın Litva oyunu sonrası futbolçulara verilən 5000 manat mükafata münasibət bildirib.

“Real TV” yə danışan Məmmədov Berti Foqts, Robert Prosineçki və Qurban Qurbanovun vaxtında da milliyə mükafat verildiyini söyləyib:

“Heç-heçə və qələbəyə görə mükafatlar həmişə verilib. O cümlədən yoldaşlıq oyunları nəzərə alınaraq. Mən gördüm ki, bu məsələ media və sosial şəbəkələrdə müzakirə olunur. Amma hiss etdim ki, bu, süni müzakirədir. Çünki əvvəlki illərdə komandaya uğurlu nəticəyə görə, o cümlədən yoxlama oyunundakı nəticəyə görə mükafat veriləndə müzakirə olunmurdu. Bu ajiotaj və müzakirələr süni şəkildə yaradılıb”.

Elxan Məmmədov futbolçuların millidə oynadıqlarına görə AFFA-dan maaş almadığını vurğulayıb: “Bir mütəxəssis demişdi ki, milliyə mükafat veriləndə burada stimullaşdırma faktoru nəzərə alınır. Mən də bunu etiraf edirəm. Futbolçular milliyə gələndə onlara gündəlik ezamiyyət xərcləri ödənilir, amma maaş olmur. Ona görə də yaxşı nəticə qeydə alınanda, qələbə və heç-heçə olanda biz çalışırıq ki, onları mükafatlandıraq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43