Ölkə futbolu

“Neftçi”nin sabiq futbolçusu: “Bu çox qürurverici oldu”

"Araz Naxçıvan”ın heyətinə son qoşulanlardan biri də milli komandanın üzvü Eşqin Quliyev idi. İlk matçda “18-liy”ə düşən yarımmüdafiəçi “Turan-T” ilə oyunun ikinci hissəsində  meydanda öz üzərinə düşən işinin öhdəsindən layiqincə gəldi. Emin İmaməliyevin fərqlənməsində assistentlik edən Eşqin komandaya gəlişi və dünənki oyun barədə bunları deyib:

 “Araz Naxçıvan”ın heyətində top qovan futbolçuların çoxu ilə əvvəldən tanışam deyə komandaya uyğunlaşmağımda elə bir problem olmadı. Komandaya gec qoşulsam da, rəhbərlik, məşqçilər korpusu start matçında mənə güvəndilər. İlk oyun olduğundan matçın ağır keçəcəyini bilirdik. Oyuna yaxşı başladıq. Ənənəvi azərbaycansayağı künc zərbəsindən fərqlənməyi bacardıq. İlk hissə də rəqib cavab qolu vursa da, ikinci hissə bizim üçün yaxşı başladı. İkinci hissədə Bəxtiyarı əvəzləyib meydana daxil oldum. Oyunun tempini tez tutdum, Emin İmaməliyevin qələbə qolunu vurmasına  assistentlik etdim. Bu çox qürürverici oldu. İkinci oyunumuz evdədir, azarkeşlərimizi stadiona dəvət edirik. Naxçıvanlı azarkeşlərə söz verirəm ki, bundan sonra məndən daha yaxşı oyun gözləsinlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43