Ölkə futbolu

“Olimpiakos” və “Frayburq” qrupun favoritidir” – yunanıstanlı baş məşqçi

“Olimpiakos” və “Frayburq” qrupun favoritidir. Ancaq “Qarabağ”ın kifayət qədər avrokubok təcrübəsi var. Bu səbəbdən yaxşı nəticə qazana bilərlər”.

Bu sözləri İdmanxeber.az saytına yunanıstanlı baş məşqçi Miçalis Qriqori Ağdam təmsilçisinin UEFA Avropa Liqasındakı şanslarını dəyərləndirərkən deyib.

AEL klubunun sabiq baş məşqçisi komandamızın “Olimpiakos”a və qrupdakı digər rəqiblərə qarşı oyunlarının asan keçməyəcəyini deyib: “Qarabağ”ın Çempionlar Lqasındakı çıxışını xatırlayıram. Komanda olduqca yaxşı futbol oynayır. “Olimpiakos”, “Frayburq” və “Nant”a qarşı da bu oyunu davam etdirəcəklər. Etiraf edək ki, “Qarabağ” çətin qrupa düşüb. Ancaq şans həmişə var”.

48 yaşlı mütəxəssis Azərbaycan futbolunu izlədiyini və vaxtı ilə ölkəmizdə çalımaq imkanın olduğunu da bildirib: “Azərbaycan futboluna çox da uzaq deyiləm. İki il öncə “Neftçi”dən təklif almışdım. O vaxt “Lamia” klubunda baş məşqçi kimi çalışırdım. Bu səbəbdən də təklifi dəyərləndirmədim.  Etiraf edim ki, son illərdə bu idman növü sizdə çox inkişaf edib. Eynən Yunanıstan futboluna bənzəyir. Oyunlar daha çox mübarizə və taktika üzərinə qurulur. Bəlkə də nə vaxtsa ölkənizdə işləmək qismət oldu”.

Qeyd edək ki, Miçalis Qriqori Yunanıstanın “Panionios”, “Lamia” və AEL kimi klublarını çalışdırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43