İdman

“PAOK-la ev oyununda da yaxşı nəticə qazanacağımıza inanıram”

“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt” üzərində qələbə qazandıqları (3:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

-Oyunla bağlı nə deyərdin?

– Qələbə qazandığımız üçün şadam. Bu üç xal bizim üçün çox vacib idi. Bundan əvvəlki turda Qəbələdə uduzmuşduq. Bu gün liderlərlə aramızdakı xal fərqini azaltmaq istəyirdik. İlk yarıda ələ düşən şanslardan yaxşı yararlana bilmirdik. Amma ilk qoldan sonra hər şey qaydasına düşdü.

– Qolu çox gec vurmağınız gərginlik yaratmırdı?

– Vaxtında qol vura bilməyəndə əsəbləşirsən. Rəqib bizə qarşı güclü oynadı. Adətən belə müdafiə xəttini yarmaq çətin olur. Qolu gec vursaq da, oyuna nəzarət bizim əlimizdə idi. Komandamı qələbə münasibətilə təbrik edirəm.

– Qollardan birini də siz vurdunuz…

– Hücuma qoşulmaq mənim üçün asandır. Qol zamanı Arifin həmin zonaya ötürmə edəcəyini bilirdim. Ona görə də irəli gedib güclü zərbə endirdim. Gözəl qol alındı.

– “Qarabağ”ın Yunanıstan PAOK-u ilə oyun öncəsi özünə gəldiyini demək olar?

– Əlbəttə, bu qələbə bizdə özünəinamı daha da artıracaq. Allah eləsin ki, oktyabrın 20-də PAOK-a da qarşı belə uğurlu oyun keçirək. Müsbət nəticə qazanacağımıza inanıram.

– O oyunda da sizə şans veriləcəyini gözləyirsiniz?

– Buna baş məşqçi qərar verəcək. Heyəti o müəyyənləşdirir. Mənə şans verilsə, bundan maksimum yararlanmağa çalışacağam. Start heyətdə və ya sonradan meydana çıxmağım fərq etmir. Əsas odur ki, baş məşqçi mənə güvənsin.

– PAOK-u analiz etmisiz?

– Xeyr. Bütün diqqətimiz “Sumqayıt”la oyuna yönəlmişdi. Yunanıstan klubu barədə bundan sonra düşünəcəyik.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43