Ölkə futbolu

Zaur Axundov: “Məşqçilər heyəti lazım olan səviyyədə işləmədilər”

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundov “Zirə” qələbəsi (1:0) sonrası İdmanxeber.az saytına müsahibə verib. O, qarşılaşma barədə danışıb və komandanın cari mövsüm çıxışını dəyərləndirib.

“Açıq desəm, komandamın qalib gələcəyinə inanmırdım. Turnir cədvəlinə baxanda “Zirə”yə vacib qələbə lazım idi. Ancaq bu futboldu, belə şeylər olur. Bugünkü nəticə Zaur Axundov üçün sürpriz oldu”.

– Uzun müddət idi komanda qələbə qazanmırdı. İnamsızlıq buna görə idi?

Bəli, belə idi. Məşqçi də dəymişdi. Elmar müəllimin öz dəsti-xətti, taktikası var. Ancaq təkrar edim ki, mənim üçün bu qələbə gözlənilməz oldu.

– Avrokuboklar üçün mübarizə aparan “Zirə”yə zərbə vurmuş oldunuz. Bu barədə nə deyə bilərsiniz?

Çempionat maraqlı keçir. Son turlara qədər belə mübarizə gedir. Avrokuboklar üçün hələ qarşıda 4 tur var. “Qarabağ”ı çıxmaq şərti ilə son tura qədər gərgin yarış keçəcək.

– Mövsümə yaxşı başlayan hətta avrokubok iddiasında olan “Araz Naxçıvan”da sonradan nə baş verdi?

Belə deyim ki, bu komanda 9 günə yığılıb. Elə futbolçu olub ki, axşam gəlib səhər oyuna çıxıb. Heç futbolçuların adlarını bilmirdik. Komanda yaxşı idi. Sadəcə ehtiyat oyunçuları geniş edə bilmədik. Digər tərəfdən futbolçuların zədəsi, yorğunluğu hamısı çıxışımıza təsir etdi. Birinci dövrədə bir-iki lider klubları udandan sonra komandada arxayınlıq oldu. Mən də deyirdim ki, futbolçularda boşluq yarana bilməz. Bunları görürdüm, deyirdim. Hər şeyi məşqçinin üzəri atmaq olmaz. Ancaq məşqçilər heyəti lazım olan səviyyədə işləmədilər. Boşluq olmamalı idi. 

– Azər Bağırovun işindən narazı idiniz? Yəni gedəndə saxlamaq üçün cəhd etdiniz?

Azər bəy gənc məşqçidir. Komandanı Premyer Liqaya gətirdi, ilk dövrə yaxşı nəticələr qazandı. Ancaq bizim çempionat yavaş-yavaş qızışır. Baxın “Qarabağ”a mövsümə başlayanda harda idi, indi hardadı. Bura I Liqa deyil, Premyer Liqadır. 

– Yəni düşünürsünüz ki, Azər Bağırov Premyer Liqa təzyiqnə hazır deyildi?

Mən belə düşünürəm. Ancaq yenə deyirəm ki, kaş biz ilk dövrəni zəif keçirib, ikinci dövrəni yaxşı olardıq. Azər Bağırova mənfi bir iradım yoxdur. O, hələ cavandır, istəyirəm Premyer Liqa komandalarında çalışsın. Bir az daha təcrübə toplasın. Çünki burada peşəkarlıq vacibdir. 

– “Araz Naxçıvan” azarkeşləri komandanı nə vaxt Naxçıvanda görəcək?

Bildiyim qədəri ilə stadionun təmiri ilə bağlı artıq tender elan olunub. Stadionun ot örtüyü, işıqlandırma sistemi və s. Hamımız istəyirik ki,  Naxçıvan azarkeşləri qısa vaxtda komandalarını öz yurdlarında görsün. Stadionun nə zaman hazır olub-olmayacağı 1 aya bilinər. Hələ vaxt var, çalışıb hazır eləməliyik. Müəyyən işlər görülməlidir. Komanda Naxçıvanda oynayanda 8-10 min azarkeş gəlirdi stadiona. O gün “Qarabağ”ı Sumqayıtın azarkeşləri uddu. Tərəfdarların rəqibə təzyiqi, komandaya dəstəyi çox önəmlidir. 

– “Qəbələ”nin Premyer Liqanı sonuncu yerdə bitirəcəyi rəsmiləşdi. Sizcə, AFFA rəhbərliyi komandanı I Liqaya salmalıdır, yoxsa klub sayını artırıb “Qəbələ”ni saxlamalıdır?

Mən çox istərdim ki, “Qəbələ” Premyer Liqada qalsın. Amma bu, tək mənim istəyimlə olmur. Onların futbolu sevən çox yaxşı rəhbərliyi var. Əla şəraitli akademiyası mövcuddur. “Qəbələ” avrokuboklarda ölkəmizi təmsil edən klub olub. Ancaq idman prinsipləri də önəmlidir. Mən “Qəbələ”nin düşməsini istəməzdim. 

– Elmar Baxşıyevlə 2 ay +1 illik müqavilə imzalamışdınız. Nəyə əsasən belə bir sözləşmə bağladınız?

Oyuna və komandadakı nizam-intizam məsələsinə görə. Bunlar mənim üçün vacibdir. Boşluq qətiyyən olmamalıdır. Hələ Elmar müəllim bir ay deyil çalışır. Klubda mənfi məsələlər çoxdu. Daxili məsələmiz olduğu üçün bunları açıqlamaq olmaz. Biz Elmar bəylə söhbət zaman ancaq nizam-intizam məsələsini qabartmışıq. 

– İcraiyyə Komitəsində olmamağınız sizin üçün təəccüblü oldu?

Xeyr, heç bir təəccüb yoxdur. Çox normal qarşılayıram. 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43