“AFFA İcraiyyə Komitəsinin qərarlarını dəstəkləyirəm. Populizm arxasınca qaçmaq lazım deyil. Mən əksinə çəkinirdim ki, yeni federasiya rəhbərliyi ictimaiyyətdə xal qazanmaq üçün fərqli qərarlar qəbul edəcək. Reallığa əsaslanmamış komanda sayının artırılması yalnış olardı”.
Bu sözləri İdmanxeber.az saytına futbol meneceri Erkin İbrahimov AFFA İK-in qərarlarına münasibət bildirərkən deyib. O, daha sonra çempionatda komanda sayının artmamasına belə şərh edib:
“Hər kəs Premyer Liqada klub sayının çox olmasını istəyir. Amma məsələyə geniş baxmaq lazımdır. Komandaların çoxluğundan öncə hakimlərin sayı artmalıdı. Ümumiyyətlə, referilərlə bağlı ciddi ölçülər götürməlidi. Zəif idarə edənlər uzun müddət cəzalanmalıdı. İndiki kimi başlarına sığal çəkib 10 gün sonra yenidən oyunlara göndərmək doğru deyil. Bundan başqa VAR sistemi üçün texniki avandanlıq, əlavə seminarlar və s lazımdır. Premyer Liqa “PlayStation” deyil ki, istədiyin komandanı gətirəsən. Mən qərarları dəstəkləyirəm”.
E. İbrahimov “Qəbələ”nin Premyer Liqadan getməsilə bağlı da danışıb:
“Qəbələ” bu günü düşünməlidi idi. Yayda faydasız transferlər etdilər, qışda uğursuz məşqçi dəyişikliyi oldu. Ölkə kubokundan da vidalaşdılar. Yaxşı olardı ki, bu cür infrasturkturu olan komanda elitada qalsın. Amma heç bir faciə yoxdur. Hamımız peşəkarlıq istəyirik. Amma futbol adamlarının açıqlamalarına baxın. Hamısı “Qəbələ” qalmalıdır”, “Qəbələ”yə şans verilməlidir” deyir. Niyə? Çünki sabah o klubda işləyənlərlə üz-üzə gələndə “biz deyirdik “Qəbələ” düşməsin” söyləmək üçün. Qurtarmaq lazımdı belə şeylərdən. Bu il “Qəbələ”yə güzəşt olsaydı, gələn mövsüm necə olacaqdı? Heç kim liqada qalmaq üçün mübarizə aparmayacaqdı. Sonuncu yeri tutan “Qəbələ” düşmədi, biz də qalaq” deyəcəkdi. Bu səbəbdən də qərarlar doğrudur. Ümid edirəm bundan sonra da belə davam edirlər. Heç bir dost-tanış söhbəti qərarlarına təsir etməz”.
Həsən Quluzadə

