“Oyunun sonunda və stadion çıxışında futbolçular arasında gərginlik yaşandı. Bu kimi hadisələr derbi matçlarında baş verir. Əzəli rəqiblərin oyununda belə şeylərə rast gəlinir”.
Bunu İdmanxeber.az-a açıqlamasında “Kəpəz”in mühafizə xidmətinin rəisi Elmar Əliyev deyib.
Klub rəsmisi “Kəpəz” – “Turan Tovuz” derbisinin sonlarında baş vermiş olayla bağlı danışarkən daha sonra sözlərinə bunları əlavə edib:
“Oyun bitəndən sonra “Turan Tovuz”un qapıçısı, dostumuz Kamal Bayramov və klubun Kamal adında azarkeş qrupunun rəhbəri ilə stadion ətrafında kiçik dialoqumuz oldu. Azarkeş qrupunun rəhbəri futbolçularımıza qarşı qeyri-etik ifadələr səsləndirdi. Mən də klubun mühafizə xidmətinin rəisi olaraq buna etirazımı bildirdim. Onlar hamısı mənim qardaşlarımdı. Mən əslən Tovuzdanam. Ancaq “Kəpəz” azarkeşiyəm və bu klubda çalışıram. Onlara iradımı bildirdim ki, legioner futbolçuya bu kimi ifadələr deyilməməlidir. Aramızda inciklik, hər hansı bir əlavə söz-sohbət olmadı. Bu qərb derbisidi. Derbi oyunlarında bu kimi hadisələr normaldı”.

