“Molde”nin “Qalatasaray” oyunlarındakı çıxışından sonra “Qarabağ”ın bu komandaya qarşı çətinlik çəkəcəyi gözlənilirdi. Norveçlilər Çempionlar Liqasında Türkiyə təmsilçisinə məğlub olsa da, kifayət qədər yaxşı təsir bağışlamışdı. Hesabdan asılı olmayaraq kollektiv mübarizə və sürətli oyun “Molde”nin əsas gücüdür. Norveç klubu bu baxımdan heyəti yeniləyən və hələ də bəlli bir oyun planına sahib olmayan “Qalatasaray”a xeyli çətinlik yaratdı. Hər iki görüşdə də eyni üslub var idi – pressinq və sürətli hücuma çıxma bacarığı. “Molde” qətiyyən asan və adi futbol oynayan komanda deyil. Kifayət qədər intizamlı və “dəmir” kimi güclü kollektivdir. Bu cür oyun göstərən komandalara qarşı yalnız yüksək heyət səviyyəsi ilə qalib gəlmək olardı. Ki, “Qalatasaray” da Mauro İkardi, Mertens və Serxio Oliviera kimi futbolçuların fərdi bacarığı sayəsində onları məğlub edə bilmişdi.
“Qarabağ” isə rəqibini Bakıda öz üslubu ilə “vurdu”. Komanda görüşün əvvəlindən yüksək templə meydanın “Molde”yə aid hissəsində pressinq tətbiq etdi. Qurban Qurbanovun müdafiə xəttini öndə quraraq risk etmək bahasına rəqibini öz meydanına həbs etmək planı yaxşı işlədi. Ağdam təmsilçisi kifayət qədər intizamlı komandaya qarşı səhvsiz oyun keçirdi. Komanda addım-addım irəliləyirdi. Müdafiədən “set oyun”la – iki cinahdan da hücum quraraq “Molde”yə kifayət qədər çətin anlar yaşatdı. “Qarabağ”ın oyun zamanı tez-tez cinah dəyişməsi son vaxtlar gözdən qaçmır. Məhz pasa söykənən alışılmış oyun dinamikası bu vasitə ilə artmalıdır. Çünki tepm itərsə, sistem işləməyəcək. Rəqib meydanında Abdullah Zubir, Leandro Andrade və Yassin Benzia bu üslubda baş rol oyunçuları olmalıdır. Sonuncu hələlik gözləniləni ortaya qoya bilməsə də, kollektiv mübarizə ilə siğortalana bilir. Amma çatışmazlığı gözdən qaçmır.
Dünənki oyunda irəli xəttin çox da möhtəşəm olduğunu demək olmaz. Rəqib müdafiəsi çaş-baş salınsa da, bitiricilik ürəkaçan deyildi. Kifayət qədər boşa gedən imkanlar oldu və bunlar avrokubok səviyyəsində ciddi “minus”dur. Zubirin driblinqləri, sürəti hər nə qədər əla olsa da, son zərbələrdə yetərsiz qalır. Juninyonu isə bu görüşdə yaxşı mübarizəsi ilə ön plana çıxarmaq olar. “Qarabağ” bəlkə əsl Redon Cicalıq oyunu dünən göstərdi. Albaniyalı cəldliyi, sürəti və rəqib müdafiə arxasına sızması ilə dünənki matçda “Molde”yə çox çətinlik yarada bilərdi. Təəssüf ki, zədə səbəbindən çıxış edə bilmədi. Ancaq bu oyun davam etsə, Cica daha fərqli işlər görəcək.
Ümumiyyətlə, “Qarabağ” tarixinin ən möhtəşəm çıxışını ötən mövsüm – xüsusilə də Çempionlar Liqasının təsnifat mərhələsində keçirmişdi. “Köhlən atlar”ın “Sürix”, “Legiya” və “Ferensvaroş” görüşləri bildiyimiz müasir Avropa futbolu idi. Həmin vaxt komanda yalnız mübarizəsi ilə yox, həm də oyun səviyyəsi ilə önə çıxırdı. Temp, dinamika, sürətli hücumlar “Qarabağ”ın oyununu başqa səviyyə gətirmişdi.
Bu mövsüm komanda həminki səviyyədə heyətə sahib olmasa da, “Molde” oyununun ilk hissəsində ötən ilki çıxışı nisbətən xatırlatdı. Hazırda mübarizə baxımından hər şey qaydasında olsa, səviyyə cəhətdən axsamalar var. Əgər Qurbanov zamanla bu komanda ilə həmin oyunu bərpa edə bilsə, turnirdə yaxşı nəticə qazanmaq olar.
Çempionlar Liqasında “Rakuv” məğlubiyyətinin ardından “Qarabağ” üçün avrokubok həyəcanının indi başladığını qeyd etmişdik. Dünənki oyun və nəticə ilə yanılmadığımız görüldü. “Qarabağ” başladı!
Həsən Quluzadə

