“Molde”yə qarşı çox çətin oyun olacaq. “Qarabağ” rəqibini evdə qəbul etsə də, asan görüş deyil. Norveçliləri məğlub etmək çətindir. “Molde” intizamlı və kifayət qədər güclü komandadır”.
Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın sabiq futbolçusu Rahid Əmirquliyev Ağdam təmsilçisinin Avropa Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək “Molde” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Norveç təmsilçisi sürətli və kollektiv oyun sərgiləyir. Evdə və səfərdə eyni mübarizəni aparırlar. Onların “Qalatasaray” matçları buna nümunədir. Həmin oyunlarda çox yaxşı çıxış etmişdilər. Bunları nəzərə alanda “Qarabağ” üçün asan olmayacağı bəllidir. Təbii ki, Qurban Qurbanov rəqibini analiz edib, necə oynamaq lazım olduğunu yaxşı bilir. Biz də avrokuboklarda kifayət qədər təcrübəsi olan komandayıq. Nə qədər çətin olsa da, hər zaman “Qarabağ”a inanmışıq. Məncə, qalib gələn tərəf biz olacağıq”.
Əmirquliyev “Köhlən atlar”ın qrupdakı şanslarını da dəyərləndirib. O, qrupun favoritinin “Bayer” olduğunu bildirib:
“Təbii ki, Almaniya klubu aşkar favoritdir. Çox güclü komandadırlar. Bundesliqada da yaxşı gedirlər. Onların sonuncu turda “Bavariya”ya qarşı oyunlarına baxdım. Münhen klubu ilə heç-heçə etdilər. Qrupun açıq favoritidirlər. Amma qrupda ikinciliyə şansımız var. “Qarabağ”la “Molde” arasında növbəti mərhələ üçün gərgin mübarizə gedəcək. Buna görə də Bakıdakı görüşdə Norveç klubunu məğlub etmək lazımdır”.
Həsən Quluzadə

